Logo

02.11.2006.

AZƏRBAYCANIN TİBB ƏLYAZMALARI YUNESKO-nun
DÜNYA YADDAŞI PROQRAMINDA 

FƏRİD ƏLƏKBƏRLI,
tarix elmləri doktoru, professor



2005-ci ilin payızında YUNESKO Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan üç orta əsr tibb əlyazmasını, rəsmi olaraq, “Dünya Yaddaşı” Proqramının Reqistrinə dahil etdi. Həmin siyahıya dünyanın ən unikal və əvəzolunmaz yazılı abidələri daxildir. Bu qərarı təsdiqləyən Sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim edilmişdir.


Memory of the World Certificate

Dünya Yaddaşı Proqramı YUNESKO tərəfindən həyata keçirilir. Onun məqsədi ayrıca xalqlar və ölkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. İndi Azərbaijanın əlyazmaları da bu proqramın siyahısına daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmaıar İnstitutunda 390 əsgi tibb mətni mühafizə olunur. Onlardan 363 IX-XIX əsrlərdə köçürülmüş ərəbyazılı tibb əlyazmalarıdır. Bu əlyazmalardan 70 ərəb dilində, 71—türk, qalanları isə fars dilində yazılıb. Aşağıda Dünya Yaddaşı Proqramının siyahısına düşmüş üç əlyazma haqqında qısa məlumat verilir.


İBN SİNANIN “TİBB QANUNLARI”

Əlyazmalar İnstitutunda çox nadir əlyazma əsərləri mövcuddur.  Məsələn, burada Qərbdə Avisenna adı ilə tanınmış  Əbu Əli İbn Sinanın (980-1037) “Tibb qanunları” əsərinin ən qədim əlyazma nüsxələrindən biri mühafizə olunur. Bu nüsxə 1143 ildə— müəllifin ölümündən cəmi yüz altı il sonra—köçürülmüşdür və “Tibb qanunları” əsərinin ən etibarli  əlyazması sayılır.

İbn Sina Özbəkistanda,  Buxara şəhərinin yaxınlığında  yerləşən Əfşana qəsəbəsində, anadan olmuşdu. Lakin onun tibbi və elmi fəaliyyətı daha çox İran və Cənubi Azərbaycanla bağlıdır.  “Tibb qanunları” həm Qərbdə, həm də Şərqdə tibb  sahəsində yazılmış ən  mükəmməl, tayı-bərabərı olmayan ensiklopedik əsər sayılırdı.

XII əsrdə Kremonalı Gerard (1140-1187) by kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılırdı. Kitab o qədər böyk şöhrət qazanmışdı kı, dahi rəssam və heykəltəraş Mikelancelo onun haqqında bunları demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq,  başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”.


RÜSTƏM CÜRCANİNİN “ZƏXİREYİ-NİZAMŞAHİ” ƏSƏRİ.

Bu kitab XIII əsrdə yazılmışdır və Zeynəddin Cürcaninin məşhur “Zəxireyi-Xarəzmşahi” əsərinə bənzəyir. Əlyazması ona görə unikaldır ki, Bakıdan başqa dünyanın heç bir yerində bu kitabın əlyazması mövcud deyil. Əsərdə qədim müalicə üsulları və yüzlərcə təbii dərman vasitələrindən bəhs olunur.


ƏBÜLQASIM ZƏHRAVİNİN “CƏRRAHİYYƏ VƏ CƏRRAHİ ALƏTLƏR HAQQINDA” ƏSƏRİ.

Əlyazmalar İnstitutunda Əbülqasım Zəhraviyə (XII əsr) məxsus bu əsərin otuzuncu cildi qorunurş.  Ərəblərin hökmranlığı zamanı İspaniyada anadan olmuş Əbülqasım Zəhravi tanınmış ərəb alimidir. Avropada Əbülqasımı  Albukasis yaxud Abulkasis  adları ilə tanıyırdılar və əsərlərini çox yüksək qiymətləndirirdilər. Əlyazmada 800 il bundan  qabaq istifadə olunmuş cərrahiyyə alətlərindən danışılır və onların şəkilləri verilir.







H O M E * ANA SƏHİFƏ * ДОМАШНЯЯ



© Fərid Ələkbərli, 2006. // "ELM" Tarix və Mədəniyyət saytı // Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat İnternet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.