AZ  EN  RU

 

Dr. Fərid Ələkbərli*

Əlyazmalar İnstitutunun İnformasiya və Tərcümə

Şöbəsinin müdiri 

 

       ƏLYAZMALAR İNSTİTUTU

 

     Orta əsr tibb əlyazmaları

  

         * Məqalə «Azerbaijan International» jurnalında nəşr olunmuşdur - AI 8.2 (Yay 2000)

 

 

Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutunda orta əsrlər Şərq əlyazmaları yığılır, sistemləşdirilir, saxlanılır və dərc olunur. Hal hazırda burada Azərbaycan, türk, özbək, fars və ərəb dilində 40000-ə yaxın sənəd var.   Onlardan 11 000 mindən çoxu qədim əlyazma  əsərləridir. Bu mətnlər bizə orta əsrlərdə azərbaycanlıların tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, hüquq, tarix və coğrafiya haqda hansı fikirdə olduqları haqda məlumat verir.

 

Institutun əsası 1924-cü ildə Bakıda Ümum Azərbaycan Regional konqresi keçirilən zaman qoyulmuşdu. Konqres qədim əlyazmalara və nadir kitablara həsr olunan şöbəyə malik elmi kitabxana yaratmağı qərara aldı. Əvvəl bu kitabxana Azərbaycanın elmi tədqiqat cəmiyyətinin bir hissəsi idi; sonra isə o, Nizami Ədəbiyyat Institutuna birləşdirildi.

 

1955-ci ildə Əlyazmalar şöbəsi Müstəqil Elmi Tədqiqat Mərkəzinə çevrildi, sonralar isə onun adı Əlyazmalar Institutuna çevrildi.Institutda olan qədim əlyazmaların çoxu Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Əbdülqani Əfəndi Xalisaqarizadə, Hüseyn Əfəndi Qaibov, Bəhmən Mirzə Qacar və Mir Möhsün Nəvvab daxil olmaqla 19-cu əsr və 20-ci əsrin əvvələrində yaşamış görkəmli düşüncə sahiblərinin xüsusi toplusundan alınıb. Institut hələ də bütün Azərbaycan ərazisindən əlyazmalar, nadir kitablar və tarixi sənədlər toplamaqla məşğuldur. Institut Hacı Zeynalabdin Tağıyev tərəfindən 1898-1901-ci illər ərzində tikilən köhnə Aleksandriya Rus Müsəlman Qadın pansionunun binasında yerləşir. Bu, müsəlman Şərqində ilk qız məktəbi idi. Bu bina Polşa memarı Iosif Qoslavski (1865-1904) tərəfindən layihələşdirilib. O, həm də Bakı Şəhər Bələdiyyəsini və halhazırda Milli Tarix muzeyinin yerləşdiyi Tağıyev muzeyi olan Tağıyevin şəxsi evini də layihələşdirib.

 

1918-ci ildə Azərbaycan müstəqil olandan sonra Tağıyev binanı nazirlər kabineti kimi istifadə etmək üçün Azərbaycan hökümətinə verdi. 1920-ci ildə Qırmızı Ordu Azərbaycanı işğal etdikdən sonra Bolşeviklər binanı Fəhlə, Kəndli və Əsgər Deputatları qərargahına çevirdilər. Bundan sonra o, Azərbaycan Respublikasının Ali Sovet Prezidiumunun binası oldu (Parlamentin hakimiyyət orqanı). Hal-hazırda bu binada indiki Əlyazmalar Institutu yerləşir.

 

Institutun ən dəyərli sənət incklərindən biri də adətən Nizami adlandırılan 12-ci əsr Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən yazılmış şerlər toplusu olan “Xəmsə”nin tam əlyazmasıdır. Əlyazmanın üzü 1636-cı ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüşdü. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazma ilə öz işini qurtardıqdan sonra əldə etmək mümkün olan ən qədim “Xəmsə”ni aldı və özünün üzünü köçürdüyü əlyazmada qeydlər etdi. Mətn 15-ci əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə yazılıb.

 

Əlyazmanı oxuya bilməsəniz belə, ona baxmaq adama ləzzət verir, çünki, o çox gözəl və nəfis tərtib edilmişdir. Hər bir şerin başlığı parlaq rənglərlə və qəşəng qızılı naxışlarla bəzədilib. Burada Isfahan miniatür məktəbinə aid miniatürlər var.

 

Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdi. 16-cı əsrdə Azərbaycanlı miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoydu. Bu rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi.

 

Əlyazmalar Institutu Sənainin “Həqiqət Bağı” (1625-ci ildə çəkilmişdir), Əmir Xosrov Dehləvinin “Səkkiz Behişt” (1579), Nizami Gəncəvinin “Yeddi Gözəl” (1636), Urfinin “Divan” (17-ci əsr), Hafiz Şirazinin “Divan” (1584), Məktəbinin “Leyli və Məcnun” (17-ci əsr), Əmir Şahinin “Nuşafərin və Gövhərtac” (1829), “Divan” (1573), Məhəmməd Füzulinin “Divan” (17-ci əsr) əsərləri də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitablara malikdir.

 

Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə, rəqs, yemək, bağçılıq, savaş və məhəbbət

səhnələri, eləcə də təbii mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz əksini tapmışdır. Nizaminin “Xəmsə”sində olan ən məşhur miniatürlərdə Leyli və Məcnun, Xosrov və Şirinin məhəbbət hekayələri təsvir olunur.

 

Səhnələrə daxildir: “Dilənçi qadın Məcnunu Leylinin yanına gətirir,” “Leyli və Məcnunun görüşməsi,” “Leyli səhrada Məcnuna baş çəkir,” “Xosrovun Şirini çimərkən görməsi” və “Xosrov və Şirinin qızın nağılına qulaq asması”. “Ov” adlanan minatür isə şahın və onun böyük atlı dəstəsinin iri ov sürüsünü (ceyran, maral və vəhşi at) izləməsini göstərir.

 

Institutda mövcud olan ən dəyərli tibbi əlyazma Əbu Əli Ibn Sinanın “Tibb qanunları” əsərinin 12-ci əsr nümunəsidir. Əbu Əli Ibn Sinanın (980-1037) indiki Özbəkistanda yerləşən Buxara şəhərində anadan lub. O, sonrakı tibbi tədqiqatlarının çoxunu Iranda etmişdi.

 

1030-cu ildə yazılmış “Tibb qanunları” tibb tarixində yeganə ən məşhur kitab sayılan tibbi biliklərin ensiklopediyasıdır. Əlyazmanın Institutda olan nümunəsinin üzü 1143-cü ildə – mətnin yazıldığı vaxtdan təxminən 100 il keçdikdən sonra köçürülüb. Bu əlyazma dünyada Ibn Sina əlyazmalarının ən qədimlərindən biridir və ən etibarlı əlyazma hesab edilir. 12-ci əsrdə Kremonalı Qerard (1140-1187) “Qanunlar”ı ərəb dilindən latın dilinə tərcümə etdi və Avropa universitetlərində ondan dərslik kimi istifadə etməyə başladılar. Bu kitaba o qədər ehtiramla yanaşılırdı ki, Mikelanjelo onun haqda demişdi: “Başqalarının ardınca gedib düzgün olmaqdansa, Avisennanın ardınca gedib yanılmaq daha yaxşıdır.”

 

“Tibb qanunları” və qədim Şərqdə yaranmış başqa tibbi mətnlər profilaktik təbabəti əsas sayır və  xüsusi qidalanma rejimim təklif edir: məsələn, heyvan piyindən çox istifadə etməməyi məsləhət görür. Dərman otları, bədən tərbiyəsi,  pəhriz,  hüsusi həyat rejimi və aromaterapiya  bir çox dərdin əlacı hesab olunurdu.

 

Təəssüflər ki, bu mətnlərdə adı çəkilmiş dərman biliklərinin çoxu ya itirilib ya da unudulub. Məsələn, Ibn Sina tərəfindən adı çəkilən 726 dərman bitkisindən Azərbaycanda bu gün yalnız 466-sı bitir. Onlardan 252-si müasir təbabətdə heç istifadə olunmur.

 

Institutda olan digər vacib tibbi əlyazma Şəmsəddin ibn Kəmaləddin Kəşaninin “Bədənlərin ruhları”dır (Ərvah əl-Əcsad) əsəridir. Bu tibbi ensiklopediyanın üzü 17-ci əsrdə su nişanları olan yüksək keyfiyyətli Avropa kağızına köçürülmüşdü. Kəşani öz kitabında sadədən mürəkkəbə doğru hər bir dərman və xəstəliyin geniş şərhini verir.

 

Bu kitabı yazmamışdan əvvəl Kəşani qədim və orta əsrlər təbibləri Hippokrat, Qalen, Zəkəriyə Razi, Ismayil Qurqani (Cürcani) və Ibn Baytar da daxil olmaqla öz sələflərinin əsərlərini diqqətlə öyrənmişdi. Onun ensiklopediyası çox unikal və nadir əsərdir, çünki bu əsər, Bakının Əlyazmalar İnstitutundan başqa, dünyanın heç bir kataloq və arayışlarda öz əksini tapmamışdır.

 

Məhəmməd bin Əbubəkr əş-Şəfi tərəfindən 15-ci əsrdə yazılmış “Irşadül-Mühtac ilə şərhül-minhac” əsəri hüquqa aiddir. Bu əsərdə Əbubəkr “Minhacüt-tibin” kimi tanınan müsəlman qanununa (fiqhə) dair ən geniş və məşhur əsərin izahını verir. “Minhacüt-tibin” əsəri 13-cü əsr tanınmış hüquqşünası olan Imam Muhiəddin Əbu Zəkəriyə Yəhya bin Şərəf ən-Nəvai əş-Şəfii tərəfindən yazılmışdır. “Əl-Irşad”ın Bakı əlyazması böyük maraq doğurur. Belə ki, o, müəllifin öz əli ilə köçürülmüşdür. 

 

Diqqəti cəlb edən digər bir nadir əsər 15-ci əsr astrologiyaya dair Azərbaycan əlyazması “Kitabüt-Təncim”dir. Onun müəllifi olan azərbaycanlı alim Hoca ibn Adili Ibray müxtəlif bürclər, ulduz və planetlərin insan taleyinə təsiri haqda və ulduz falını hazırlamaq və oxumaq barədə məlumat verir. Bu əlyazmanın mövcudluğu sübut edir ki, artıq 15-ci əsrdə Azərbaycan dili çox yaxşı inkişaf etmişdi. O dövrdə artıq  Azərbaycan türkçəsində astronomik, astroloji, coğrafi, fəlsəfi və etik anlayışları ifadə etmək üçün terminlər var idi.

 

Yuxarıda adlarını çəkdiyim bir neçə qədim mətn Əlyazmalar Institutunda mövcud olan nadir əlyazma əsərlərinin  çox kiçik bir hissəsini təşkil edir. Son iki yüz il ərzində yaşayıb-yarastmış Azərbaycan ziyalılarının yazili iris də böyük əhəmiyyətə malikdir. İnstitutda həmçinin A. A. Bakıxanovun “Qanuni Qüdsi” (Tiflis, 1831), Mirzə Kazımbəyin “Tatar əlifbası kitabı” (Qazan, 1839), Həsən ibn Mehdinin “Ana dili” (Təbriz, 1894), Mirzə Şəfi Vazehin “Müntəxəbati-Türki” (Təbriz, 1855), Mirzə Həsən əl-Qədərinin “Məşhur Qafqaz və Azərbaycan şairlərinin  şerlər toplusu” (Leypsiq, 1867), “Dağıstan tarixi” (Sankt Peterburq, 1894) və Həsən Bəhərlinin “Azərbaycan tarixi” (Bakı, 1921) kimi daşbasma və litoqrafiyalar (köhnə çap kitabları) da var.

 

Institut həmçinin 19-cu əsrin sonundan 20-ci əsrin əvvəlinədək olan qəzet və jurnalların (“Molla Nəsrəddin”, “Kaspi”,  “Füyuzat”, “Azərbaycan” və s.) toplusuna malikdir. Bu nəşrlər keşməkeşli, təzadlı və mürəkkəb tariximizin hadisələrinə işıq salır: 1917-ci  ildə Rusiyada inqilab, Azərbaycanın 1918-ci ildə öz müstəqilliyini elan etməsi, faciəli Azərbaycan-Erməni münaqişəsi, Ingilis ordusunun Bakıya daxil olması, Rus qoşunlarının 1920-ci ildə Azərbaycanı yenidən işğal etməsi, Sovet hakimiyyətinin qurulması,  qanlı Stalin  repressiyaları, müxtəlif əlifba dəyişiklikləri və, bütün bunlara baxmaqaraq, 20-ci əsrdə Azərbaycanda sənaye, təhsil və elmin sürətlə inkişafı.

 

<<<<<<<<ANA SƏHİFƏ

 

 © Fərid Ələkbərli, 2006. Bütün hüquqlar qorunur // Fərid Ələkbərlinin İnternet sahifəsi //

e-mail: aamhaz@aamh.az