FƏRİD URXAN OĞLU ƏLƏKBƏRLİ (1964). Tarix elmləri doktoru, professor, AMEA-nın Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin (ATTB) prezidentidir.
Beynəlxalq Tibb Tarixi Cəmiyyətində (ISHM) Azərbaycanın təmsilçisi, Azərbaycan, ingilis, rus, alman, italyan, yunan və başqa dillərdə nəşr olunmuş 200-dən artıq elmi və elmi-kütləvi əsərin, 23 kitab və elmi monoqrafiyanın, 8 tərcümə və tərtib kitabının və bir sira bədii hekayələrin müəllifidir. Daha ətraflı...
ƏSAS TƏDQİQAT SAHƏLƏRİ. Orta əsr tibb əlyazmaları, Orta əsr Şərqində tibb və əczaçılıq. Daha ətraflı...
Nailiyyətlər
Orta əsr qaynaqlarında təsvir olunmuş bitkilər, heyvanlar və minerallar araşdırılmışdır.
09.01.2019. 3 yanvar 2019-cu ildə mədəniyyət tarixi və qədim Şərq təbabəti üzrə tanınmış mütəxəssis, Vatikan arxivlərində tədiqat aparmış ilk azərbaycanlı alim, tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin 55 yaşı tamam oldu.
29.09.2018.Bazar günü, qeyri-formal şəraitdə, çay süfrəsi arxasında amerikalı tədqiqatçı Dr. Stephen Facciola ilə Azərbaycan milli mətbəxinin tarixi, orta əsr Azərbaycan əlyazmalarında təsvir olunmuş dərman bitkiləri haqqında söhbət edərkən. Prof. Fərid Ələkbərli tədqiqatçıya Əlyazmalar İnstitutunda mühafizə olunan qədim tibb əlyazmalarının müxtəlif dillərə tərcümələri haqqında məlumat verdi. Dr. Stephen Facciola ABŞ-da məşhur olan "Cornucopia: A Source Book of Edible Plants" kitabının müəllifidir. Tezliklə Azərbaycan rayonlarına yerli yeməli bitkilər, xalq təbabəti və milli xörəklərimiz haqqında məlumat toplamaq üçün tura çıxacaq, sonra da həmin məqsədlə İrana yollanacaq.
03.09.2018. Prof. Fərid Ələkbərli (ortada) Əlyazmalar İnstitutunu ziyarət etmiş İsrail alimləri Prof. Zohar Amar (soldan ikinci) və Dr. Yaron Serri (sağdan ikinci), İnstitutun direktor müavini filol. ü. e.d. Paşa Kərimov (soldan birinci) və İnstitutun elmi katibi filol. ü. fəl.d. Əzizağa Nəcəfov ilə (sağdan birinci). Zohar Amar (1960) İsrailin Bar-İlan Universitetinin İsrailşünaslıq kafedrasının professorudur. O, tibb elminin, eləcə də İsrailin bitki örtüyünün və heyvanat aləminin tarixini orta əsr yəhudi və ərəb mənbələrinə istinadən araşdırır. Əslən Yəmən yəhudilərindən olan bu alimlər həm də ərəbşünasdırlar və klassik ərəb dilinin gözəl biliciləridir. Onlar İnstitumuzda sərgilənən orta əsr ərəbdilli tibb əlyazmaları ilə, xüsusən UNESCO-nun Dünya Yaddaşı Proqramının Siyahısına daxil edilmiş nadir nüsxələrlə maraqla tanış oldular. İbn Sinanın "Qanun" (köçürülmə tarixi -1143 il) və Əbülqasım Zəhrəvinin "Cərrahiyyə alətləri haqqında" (köçürülmə tarixi - XI əsr) əsərlərinin dünyada ən qədim əlyazmaları, eləcə də başqa nadir əlyazma kitabları öz elmi, mədəni və tarixi dəyəri, nəfis tərtibatı ilə onları valeh etdi. Söhbət əsnasında alimlər öz araşdırmaları və nailiyyətlərindən söz açdılar, təcrübələri ilə bölüşdülər, gələcək elmi əməkdaşlıq haqqında fikir mübadiləsi etdilər.
20.07.2018. Professor Fərid Ələkbərli Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə Vatikanda ezamiyyətdə olub. Afət Telmanqızının təqdimatında Fərid Ələkbərli REAL-a müsahibəsində Vatikan təəssüratlarından danışıb.
19.07.2018. Dünyanın ən sirli məkanların biri Vatikanın gizli arxivində Azərbaycanla bağlı hansı sənədlər var? Səfəvi hökmdarları Vatikan Papaları ilə nə barədə məktublaşıblar? Hansı xəritələrdə müasir Ermənistan Azərbaycan ərazisi kimi göstərilib? Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı səfiri Vatikan səfirliyinə niyə ianə köçürüb? Vatikanın gizli arxivində olan yeganə azərbaycanlı professor Fərid Ələkbərli danışır...
8.06.2018. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümü ərəfəsində, 2018-ci ilin may ayında, Hüseyn Baykaranın (1904-1984) «Azәrbaycan istiqlal mübarizәsi tarixi» kitabı rus dilinə tərcümə olunmuş və "Kitab klubu" nəşriyyatında "История борьбы за независимость Азербайджана" adı ilə işıq üzü görmüşdür. Tərcümə edəni S. Əliyeva, redaktoru R. Həmidov, ön sözün müəllifi Fərid Ələkbərlidir. Müstәqil Azərbaycan Cümhuriyyəti dövründәn bәһs edәn bu kitab ilk dәfә 1975-ci ildә "Azerbaycan istiklâl mücadelesi tarihi" adı ilə İstanbulda türk dilindә nәşr olunmuşdur. Әsәrdә Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qısa müddətdə əldə etdiyi uğurları, Rusiya tәrәfindәn işğalı, ermәnilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin һәrbi yardımı vә s. һadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, һәmçinin Azәrbaycanın müһacirәtdә olan ziyalıları һaqqında da geniş mәlumat var. Hüseyn Baykara təxəllüsü ilə tanınan Azərbaycan milli-azadlıq hərəkatının görkəmli nümayəndəsi, araşdırmaçı, yazıçı və şair Qara Hüseynov 1904 -cü ildə Şuşada, varlı bir ailədə anadan olmuşdur. O, 1922-ci ildə Bakı dövlət universitetinin tarix fakültəsinə daxil olur və tələbəlik illərindən başlayaraq milli müstəqilliyin tərəfdarı kimi öz siyasi görüşlərinə görə təqib olunmağa başlayır, dəfələrlə həbs olunur, həbsxanada Əhməd Cavadla və başqa sabiq müsavatcılarla bir kamerada qalır. 1927-ci ildə növbəti həbsdən qurtulmaq məqsədi ilə qeyri-leqal şəkildə İran ərazisinə keçir, oradan da Türkiyəyə yollanır. Türkiyədə Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə və "Müsavatın" başqa fəalları ilə tanış olur, mühacirətin siyasi fəaliyyətində iştirak edir. İstanbul universitetinin hüquq fakültəsini bitirir, əvvəlcə hakim, sonra da prokuror işləyir. Hüseyn Baykara Azərbaycan milli-azadlıq hərəkatı haqqında çoxsaylı kitabların müəllifidir.
8.03.2018. Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun dünya xalqları barədə “Xalqlar və mədəniyyətlər” çoxcildlik seriyasının nəşri kontekstində rus dilində “Azərbaycanlılar” (“Азербайджанцы”) adlı cildi çap olunub. Redaktorlar: Ə. Məmmədli, L. T. Solovyova (Moskva: Nauka, 2017). Kitab üzərində Azərbaycan alimlərinin böyük kollektivi işləyib. "Elm və Təhsil" məqaləsinin müəllifi, tarix.e.d., Prof. Fərid Ələkbərlidir. Kitab qədim özünəməxsus etnik mədəniyyətə malik azərbaycanlıların tarixi-etnoqrafik baxımdan təsvirinə, tədqiqinə həsr olunub. Monoqrafiyada Azərbaycan xalqının tarixi-mədəni mühitin yaranması prosesi, etnosiyasi tarixin əsas mərhələləri əksini tapır. Ənənəvi təsərrüfat (əkinçilik, maldarlıq) və sənət-peşələr (dulusçuluq, xalçaçılıq, ağacişləmə, metalişləmə, zərgərlik), maddi mədəniyyəti, ailə və ailə məişəti, ictimai məişət və sosial institutlar, mənəvi mədəniyyət, Azərbaycan diasporası və s. məsələlər əksini tapıb. Kitab tarixçilər, etnoloq, mədəniyyətşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
9.11.2017. Bakının “Şərq-Qərb” nəşriyyatı Fərid Ələkbərlinin ikicildli “Şərqin min bir sirri” kitabının təkrar nəşrini rus dilində nəşr etmişdir (Bakı, 2017). Kitabda qədim və ortaəsr qaynaqlarının Şərqin, o cümlədə Azərbaycanın qədim təbabəti, fəlsəfəsi, elm və mədəniyyəti haqqında verdiyi məlumatlar təhlil olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
10.10.2017. "Amiti" İctimai Elmlər İnstitutunun professoru Veenus Jainın redaktəsi altında “Religion: Thy Relevance” adlı kitab Hindistanda ingilis dilində işıq üzü görmüşdür. Nəşrin əsas məqsədi elmi əməkdaşlığın möhkəmləndirilməsi və dinin cəmiyyətdə oynadığı rol ətrafında araşdırma və müzakirələrin aparılmasıdır. Prof. Fərid Ələkbərli “Şiəlik və XVI-XVII əsrlərdə Səfəvi dövlətində Azərbaycan türklərinin etnik-dini identikliyi” adlı fəslin müəllifidir. Müəllifin fikrincə, Səfəvi şahlarının hökmranlıq dövrü Azərbaycan xalqının milli mentalitet və mədəniyyətinin formalaşmasında müstəsna rol oynamışdı. Məhz bu dövrdə Azərbaycan türklərini osmanlılardan və başqa qohum türk oğuz xalqlarından fərqləndirən spesifik milli-dini və mədəni xüsusiyyətlər meydana gəlmşdir. Kitab "Jupiter Publications Consortium" nəşriyyatı tərəfindən 3 aprel 2017-ci il tarixdə Hindistanda nəşr olunmuşdur. ISBN: 978-93-86388-01-8 | Rs.780/- | 220 səhifə.
06.06.2017. Fars dilindən Azərbaycan dilinə tərcümə edilmiş Hacı Süleyman Qacar İrəvaninin 269 səhifədən ibarət “Fəvaidül-hikmət” əsəri bu yaxınlarda “Avropa” nəşriyyatında çapdan buraxılmışdır. XVIII əsrdə yazılmış bu kitab orta əsr təbabətindən, keçmişdə istifadə olunan müalicə üsullarından və dərman vasitələrindən bəhs edir (tərcüməçi: Kəlamə Abbasova, elmi redaktor: Fərid Ələkbərli). Bu kitab orta əsr əczaçılıq еnsiklopеdiyasıdır və minlərcə dərman bitkisinin, hеyvan və minеralın müalicəvi kеyfiyyətlərindən bəhs еdir. "Fəvaidül-hikmət" əsərinin nadir əlyazma nüsxələri Azərbaycan MЕA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və еləcə də İran və Misirdə saxlanılır.
18.03.2017. 17 mart 2017-ci il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında "Bakıda Macarıstan Günləri" təşkil olundu. Tədbirdə macar yazıçısı İmre Madaçın Azərbaycan dilinə tərcümə edilmiş "İnsanın faciəsi" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdi AMEA vitse-prezidenti akademik İsa Həbibbəyli açdı. Macaristandan gəlmiş nümayəndə heyətinin üzvləri Azərbaycan-Macar mədəni əlaqələri mövzusunda çıxış etdilər. Görüşdə iştirak edən Prof. Fərid Ələkbərli qeyd etdi ki, Macarıstanı Azərbaycanla və başqa türkdilli ölkələrlə möhkəm tarixi bağlar birləşdirir. Bu əlaqələrın başlanğıcı macar tarixinin hun və kuman (qıpçaq) dövrləri ilə bağlıdır. Məşhur şərqşünas A.Vamberi və XIX əsrin başqa məşhur macar şərqşünasları macar mədəniyyətinin türk komponentlərinə maraq göstərmişlər. Hal-hazırda Macarıstanda mütəmadi olaraq Azərbaycan və başqa türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən Turan kongresləri türk-macar mədəni əlaqələrinin əyani nümunəsidir.
15.03.2017. 14 mart 2017-ci il tarixində, tarix ü.e.d. Tahirə Həsənzadənın farcadan Azərbaycan dilinə çevirdiyi Fərhad Mirzə Qacarın “Səfərnamə” (1875-1876) əsərinin AMEA Əlyazmalar İnstitutunda təqdimat mərasimi keçirilmildir. Kitab Qacar dövləti və Azərbaycanın tarixi ilə bağlı qiymətli məlumatlarla zəngindir. Qacar şahzadəsi Fərhad mirzə 1875-1876-cı illərdə Məkkə ziyarətinə gedərkən “Səfərnamə” adlı əsər yazmışdır. Fərhad mirzə bu səfəri zamanı Şimali Azərbaycandan keçmiş, görkəmli şəxsiyyətlərlə, o cümlədən M.F.Axundzadə və H.Zərdabi ilə görüşmüşdür. Bu görüşlərin təəssüratları, söhbətlərin məzmunu “Səfərnamə”də əksini tapmışdır. Mətni olduğu kimi oxuculara çatdırılan “Səfərnamə” müasir tədqiqatçıların və oxucuların böyük marağına səbəb olacaqdır. Təqdimat mərasimində AMEA müxbir üzvü Möhsün Nağısoylu, Prof. Fərid Ələkbərli və başqaları çıxış etmişlər.
22.11.2016. 16 noyabr 2016-cı il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2016. Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AMEA-nın Füzüli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Fərid Ələkbərli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Xatirə Yusifova iştirak edib.
21.01.2017. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli "Azərbaycanda elm, təbabət və mədəniyyət tarixinin tədqiqatında əldə olunmuş nəticələri, Azərbaycan mədəniyyətinin dəyərləri və nailiyyətlərinin respublikada və xarici ölkələrdə yayılmasında xidmətləri, yüksək şəxsi mədəniyyəti "Simurq" Azərbaycan Mədəniyyət Assosasiyasında yaradıcı fəaliyyətində fəal iştirakına görə""Mədəniyyət səfiri" fəxri adına layiq görülmüşdür.
20.11.2016. 18 noyabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının 25 illiyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalaında” adlı I Beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda səslənən məruzələrdə İstanbul, Tehran, Roma, Vatikan, Vyana, Berlin, London, eləcə də Asiya və Afrikanın başqa şəhərlərinin kitabxanalarında mühafizə olunan ortaəsr Azərbaycan əlyazmaları haqqında məlumatlar verilmişdi. Prof. Fərid Ələkbərlinin 2011-2014-cü illərdə Vatikan Apostol Kitabxanasından və Vatikan Məhfi Arxivlərindən ikiyüzdən çox tarixi sənədin və orta əsr Azərbaycan əlyazması surətlərinin AMEA Əlyazmalar İnstitutuna gətirildiyi qeyd olunmuşdu.
09.06.2016. 2-7 iyun 2016 il tarixində Berlin şəhərində, Almaniyanın Xarici İşlər Nazirliyində, “Suriya mədəniyyət irsisin qorunması üçün təcili fəaliyyət planının hazırlanması” mövzusunda UNESCO Ekspert Şurasının toplantısı keçirilmişdir. Toplantıda, o cümlədən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) Hələb şəhərində yerləşən türbəsinin qorunması məsələsi müzakirə olunmuşdu. Azərbaycanı tədbirdə tarix elmləri doktoru, professor Fərid Ələkbərli təmsil edirdi.
26.05.2016. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Fərid Ələkbərlinin ingilis dilində “Azərbaycan atları: tarixi icmal” kitabı çapdan çıxıb. Kitabda Azərbaycan atçılıq sənətinin tarixindən, şifahi ədəbiyyatda at obrazlarının meydana gəlməsi və inkişaf yolundan, təsviri sənətdə, tarixi mənbələrdə, o cümlədən orta əsr əlyazmalarında və digər arxiv sənədlərində at təsvirlərindən bəhs olunur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Qarabağ atı, Dilboz, Quba yorğası, Şirvan atı kimi at cinsləri və onların formalaşma tarixi haqqında müfəssəl məlumatlar yer alıb.
10.03.2016. Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimat mərasimi keçirilib.“ Kitabın tərtibçiləri: Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Möhsün Nağısoylu, tarix elmləri doktoru, professor Fərid Ələkbərli, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev. Elmi redaktoru: Dövlət müşaviri, akademik Kamal Abdulla. Oxucu ona təqdim edilən bu kitabda klassik şair və yazıçılarımızı tamamilə yeni bir rakursda görəcək. Bu baxımdan kitabda ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir. Kitabda ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, yazarlara, gözəllərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Qeyd edilib ki, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb.
27.11.2015. 20-22 noyabr 2015-ci il tarixində Xorvatiyanın Şibenik şəhərində İpək Yolunun mədəniyyətlərarası əlaqələrin inkişafındakı roluna həsr edilmiş “Marko Polo və İpək Yolu” Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda Dr. Boris Marelić (Böyük Britaniya), Dr. Alexandra Wetzel (İtaliya), Pof. Farid Alakbarli (Azərbaycan), Prof. Jasna Vukas (Konfransın Prezidenti, Xorvatiya), Mr. Jeff Fuchs (Kanada), Dr. Enzo Finocchiaro (İtaliya), Dr. Dražen Žgaljić (Xorvatiya), Dr. Yasuhiro Yokkaichi (Yaponiya) və başqaları iştirak etmişlər. Konfransda Prof. Fərid Ələkbərli "Azərbaycanında multikultural mühitin yaranmasında İpək Yolunun rolu” plenar məruzə ilə çıxış etmişdir.
22.04.2015. Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi: "21 aprel 2015 ildə Vatikanın Romadakı Pontifiçia Salesiana Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) "Nodo di Gordio" "beyin mərkəzi" və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda beynəlxalq konfrans keçirilib. Əvvəlcə konfrans iştirakçıları Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət edərək önünə güllər qoyublar. Romada "Azərbaycanda multikultural mühit və dinlərarası dialoq" seksiyasına Prof. Fərid Ələkbərli rəhbərlik etmişdir.
28.02.2015. Xəzər Universiteti: Fevralın 20-22 tarixlərində Xəzər Universitetində IRCICA (Research Center for Islamic Art, Science and History) qurumunun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində elm və texnologiya” adlı beynəlxalq simpozium keçirildi.Simpozimun açılış hissəsindən sonra Xəzər Universitetinin prorektoru, fəlsəfə doktoru Fərda Əsədovun moderatorluğunda simpoziumun birinci plenar iclası başladı. İclasda H. İsaxanlı “İslam dövrü əlkimyası Misir-Yunan-Roma-Çin əlkimyası ilə Avropa kimyası Arasında, professor Fərid Ələkbərli “Vatikan Apostol Kitabxanasında orta əsr Azərbaycan müəlliflərinin elmi əsərləri, professor Mustafa Demirci (Türkiyə) “İslâm dünyasında zehniyyət ve elmi inqilabın inkişaf mərhələləri” və professor Mustafa Sabri Küçükaşçı (Türkiyə) “Məhəmməd bin Əhməd əl-Xarəzmi ve Mefâtîhu’l-Ulûmadlı əsəri” mövzusunda məruzə etdilər."
25.02.2015. İstiqlal.az Vatikanın məxfi arxivindəki Azərbaycan əlyazmaları: "Elm və təhsil" nəşriyyatında AMEA Əlyazmalar İnstitutunun əməkdaşı professor Fərid Ələkbərlinin "Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar" adlı kitabı çapdan çıxıb. Kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma və çox sayda xəritə tapılıb. Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəverdi və s.), eyni zamanda indiyədək adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri var". Fərid Ələkbərli 2011-2014-cü illərdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə Vatikanda ezamiyyətdə olub. Səfərlərin əsas məqsədi Vatikan məxfi arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkarlanması vəaraşdırmaya cəlb olunması idi.
04.02.2015. "Trend" Xəbər Agentliyi. Prof. Hendrik Boeschoten, Prof. Fərid Ələkbərli, naşir Sandro Teti və başqaları 2015 il yanvarın 10-da Bakı Beynəlxalq Multukulturalizm Mərkəzində keçirilmiş "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits-200" beynəlxalq kollokviumda iştirak etmişlər. Kollokvium "Kitabi-Dədə Qorqud" əlyazmasının Drezden kitabxanasında Fridrix fon Dits tərəfindən aşkar ediməsinin 200 illik ildönümünə həsr edilmişdir.
23.01.2015. Kitab Klubu: "Fərid Ələkbərli. Ortaçağ Şərq təbabəti (1 kitabda 2 cilddə). Müəllifin “Şərq təbabətinin min bir sirri” kitabları əsasında əlavə və dəyişikliklər edilməklə yenidən işlənmiş toplu-nəşr. Dərman bitkilərinin, müxtəlif yemək məhsullarının, təbii dərman və məcunlarının müalicəvi təsiri haqqında". Bu kitabda orta əsr təbabətinin məğzini və əsas mahiyyətini müasir dövrün еlmi nailiyyətlərilə müqaisəli şəkildə şərh еdilir. Kitabda həmçinin orta əsr Azərbaycan qidalanma mədəniyyətinin prinsipləri də işıqlandırılır. Müalicəvi əhəmiyyətə malik qədim milli yеməklərin rеsеptləri qədim mənbələrə əsasən vеrilmişdir. Oxuculara təqdim еtdiyimiz bu kitab, orta əsr əlyazmaları üzərində aparılan tədqiqatlar əsasında yazılmışdır. Əsər gеniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.