Logo

15.08.2002.

GÖZƏLLİYİN FƏLSƏFƏSİ

Fərid Ələkbərli,
tarix elmləri doktoru, professor


Nizami's Khamsa, Tabriz, 1481 AD

Nizaminin xəmsəsindən miniatürlər. Əlyazma 1481-ci ildə
Təbrizdə Sultan Yaqub Ağqoyunlunun sufarişi ilə
yaradılmışdır. Topkapı muzeyi, İstanbul.


ŞƏRQ DÜNYASININ ESTETİKASI.

Bütün insanlar gözəl, sağlam, şən və xoşbəxt olmaq istəyirlər. Lakin gözəllik təkcə gözəl əşyalar, musiqi və ətirlər deyil. Gözəllik həm də kamillik deməkdir. Adətən, gözəl şeir, əsrarəngiz musiqi və uğurlu elmi nəzəriyyə gözəlliyə hidmət etmiş olur. Belə əsərlərə baxmaq, onları dinləmək və oxumaq insana ləzzət verir. Şahmatda hər uğurlu gediş, futbolda uğurlu "qol" da “gözəl” adlanır. Alim öz elmi nəzəriyyəsini sübuta yetirəndə, həmkarları ona – “Fikirlərini necə də gözəl ifadə etdin!» deyirlər.

Təmizlik, gözəllik və səliqə mədəniyyətin göstəriciləri hesab olunur. Və əksinə, pintilik, daxili və xarici çirkinlik insanın nəinki özünə, hətta yaşadığı cəmiyyətə hörmət etmədiyindən xəbər verir. Pinti insan adətən bilir ki, onun zahiri görünüşü ətrafdakı insanların əhval-ruhiyyəsini poza bilər, lakin o düşünür: “Bunun mənə heç bir dəxli yoxdur. Onların əhvalı onların öz işidir». Bu, eqoizmin təzahürü deyilmi?

Beləliklə, hər bir insanın daxili və xarici cazibəsi, təmizlik və gözəlliyi onun təkcə şəxsi işi deyil, başqa insanlar və ümumiyyətlə cəmiyyət qarşısında borcun yerinə yetirilməsidir.

Gözəllik fəlsəfəsi və yüksək estetik ideallar qədim Şərq mədəniyyətinin bünövrəsini təşkil edirdi. Ən qədim zamanlardan bəri burada yaşayan insanlar özlərinin xarici görünüşünə diqqət yetirir, yaraşıqlı paltarlar tikir, gözəl məişət əşyaları və ətriyyatlar hazırlayırdılar. Miladdan üç min il əvvəl Cənubi Azərbaycanda Quti adında döyüşkən bir xalq yaşayırdı. Qutilər Babilistanı və bütün Mesopotamiyanı fəth etmişdilər [1].

Mesopotamiyada aparılmış arxeoloji qazıntılar nəticəsində Quti padşahının bürünc heykəli tapılmışdır. Bu heykəl o dövrdə yaşamış hökmdarın zahiri görünüşü haqqında təsəvvür yaradır. Padşahın çalması və süni saqqalı vardır, özünün təbii bığ və saqqalı isə qısa kəsilmişdir. Bu üslub o dövrdə Orta Şərqdə, padşahların və zadəganların sarayılarında hökm sürən dəbə uyğundur. Babilistanlılar kimi, Quti padşahları da bədən, saç və sifətlərinə ətirli yağlar çəkir, ladan, mürr, qızılgül yağı, dəfnə yağı kimi ətriyyatlardan istifadə edirdilər.

Qədim Azərbaycanın Manna (e.ə. IX-VII) və Midiya (e.ə. VIII-VI) dövlətlərinin zadəganları da xüsusi zövqlə geyinirdilər. Bunu qədim əşyaların və binaların üzərində həkk olunmuş insan surətləri, eləcə də qədim yunan tarixçilərinin məlumatları təsdiq edir. Daha sonralar farslar, ermənilər və bir çox başqa qonşu xalqlar midiyalıların milli geyimlərini, eləcə də qədim ətriyyatlarını və saç düzümünü bütövlüklə mənimsədilər. Qədim yunan tarixçisi Strabon (e.ə. 63 - b.e. 30) yazır: "Fars və erməni padşahlarının geyimləri... onlara midiyalılardan keçmişdir. Həmin paltarların zahiri görünüşü bu fikrin düzgünlüyünü sübut edir. Tiara və kitara (papaq növləri), keçə papaq qollu köynək (qaftan) və şalvar Midiya kimi [dağlıq və nisbətən] soyuq ölkələr üçün münasibdir, [Fars ölkəsi kimi] cənub vilayətlər üçün isə yaramır. Bununla belə, deyilənə görə, ermənilərin adət-ənənələri də onlara midiyalılardan keçmişdir..." [2]

Yuxarıda qeyd etdiyimiz kimi, qədim Azərbaycanlılar qızılgül yağından və başqa ətirli bitkilərdən müxtəlif kosmetik vasitələr (ətirlər, losyonlar, balzamlar) hazırlayırdılar. Strabon yazır ki, miladın başlanğıcında Şimali Azərbaycanın (Qafqaz Albaniyasının) sakinləri ətirli bitkiləri xüsusi şüşə qablara doldurur və Roma İmperiyasına ixrac edirdilər. [3]

Bildiyimiz kimi, Ptolomey sülaləsindən (Misiri idarə edən yunan hökmdarları) olan Kleopatra qadın gözəlliyinin meyarı hesab olunurdu. Lakin az adam bilir ki, Kleopatra Azərbaycana sıx qohumluq telləri ilə bağlı idi. E.ə. 34-ci ildə Roma hökmdarı Mark Antoninin və Kleopatranın oğlu Aleksandr Atropatena (qədim Azərbaycan) padşahı I Ərdəvəzdin qızı İotapa ilə nişanlanmışdı. [4] Beləliklə, Kleopatra Azərbaycan şahzadəsinin qaynanası olmuşdu. Kleopatranın gözəlləyinə gəldikdə isə, qədim tarixçilər xəbər verir ki, o, həddindən artıq cazibəli olsa da, həqiqi mənada gözəl deyildi.

Gözəlliyə meyl təkcə yaraşıqlı paltarların və bahalı ətirlərin istifadəsi ilə məhdudlaşmırdı. Hesab olunurdu ki, nəinki insanın özü, hətta onu əhatə bütün əşyalar da gözəl olmalıdır. Qədim Azərbaycan zərdüştilərinin kitabı «Avesta» (e.ə. I minillik) insanları özlərini və yaşadıqları dünyanı mütəmadi kamilləşdirməyə çağırır. [5]

Mömin insan bütün həyatı boyu özünə məxsus torpaq sahəsini abadlaşdırmalı, orada ağac və müxtəlif bitkilər əkməlidir. Bununla belə o, öz evini təmiz və səliqəli saxlamalı və şəxsi gigiyenaya ciddi surətdə əməl etməlidir. Pintilik, səliqəsiz görkəm və gigiyena qaydalarının pozulması ən böyük günah sayılırdı. Qədim dini təsəvvürlərə görə, həyatın bütün gözəlliyini və təmizliyin təzahürlərini xeyir tanrısı Hörmüz (Ahura-Məzda) yaratmışdır, bütün çirkin və gözəl olmayan əşya və məxluqlar isə şər tanrısı Əhrimənin (Ənhra-Mənyu) himayəsi altındadır.

Xəstəliklər, gözəl olmayan çirk, pas, kif, üfünət, çürüntü və dünyanımızı korlayan başqa şeylər Əhrimən və onun şər ruhları (cinləri) tərəfindən yaradılmışdır. Ona görə də, hər bir insan öz ətrafında gözəlliyi artırmalı, çirkinliyi isə azaltmalı idi. Beləliklə, insanlar, dünyanın şər qüvvələrinə qarşı mübarizəyə qoşulurdular. Ətriyyatlar və kosmetik vasitələr insanın təkcə xarici cazibədarlığını artırmaq üçün deyil, eləcə də dini məqsədlərlə istifadə olunurdu.

Dini saflığa nail olmaq üçün qədim Azərbaycanlılar ladan, mürr, şəbbugülü, çödükotu, sənaməki, darçın, hind sünbülü kimi ətirli bitkilərdən və məlhəmlərdən istifadə edirdilər. Ətirli iynələri olan sərv ağacı Zərdüşt peyğəmbərin ağacı sayılırdı. Hesab olunurdu ki, evlərə və küçələrə ətirli bitki yağlarını səpməklə bu yerləri şər qüvvələrdən qorumaq mümkündür.

Azərbaycanın qədim sakinləri türklər (oğuzlar və qıpcaqlar) ətirli çöl bitkilərindən geniş istifadə edirdilər. Qədim türk inanclarına əsasən, bütün çiçəkləri ulu Göy Tanrı yaratmışdır. Ağac və otlar ilahəsi Öləng onun zövcəsi və həkimlərin himayədarı sayılırdı. Hər il, yazın başlanğıcında türklər bu ilahənin şərəfinə təntənəli mərasimlər keçirir, yovşan və ona bənzər ətirli bitkilər yandırırdılar.

Qədim türk əfsanələrinə əsasən, bütün uşaqların ruhları çiçəklərin içində yaranır və sonra da anaların bətninə düşür. Xalq rəvayətlərinin birində Qorqud Ata deyir: "Mən çiçəyin içində yarandım... ana bətninə düşdüm, alagözlü div qadından doğuldum» [6]

Qədim türklər çiçəklərin gözəlliyindən və ətrindən zövq almaqla yanaşı, onları müxtəlif xəstəliklərin müalicəsi üçün də istifadə edirdilər. VI-VII əsrlərdə meydana gəlmiş və XI-ci əsdə qələmə alınmış “Dədə Qorqud” dastanında yaralı iyidin necə müalicə edildiyi göstərilir: "...Qırx incə qız yayılıb, dağ çiçəyi topladı... Dağ çiçəyi ilə südü oğlanın yarasına çəkdilər... oğlanı həkimlərə tapşırdılar". [7]

Hətta müsəlmanların bu əraziyə gəlişindən əvvəl gözəllik və ahəngdarlıq kultu qədim Azərbaycan mədəniyyətinin əsasını təşkil edirdi.

Yeddinci əsrdən sonra burada yayılmış İslam dini özü ilə yeni ideologiya və estetik prinsiplər gətirdi. Bununla belə, Azərbaycan mədəniyyətinin inkişafındakı ardıcıllıq pozulmadı. Azərbaycanlılar uzaq Ərəbistandan gəlmiş dini mənimsəyərkən, özlərinin milli xüsusiyyətlərini, estetik ideallarını, qədim əfsanələrini, adət və ənənələrini, o cümlədən özünün rəngarəng teatrlaşdırılmış səhnələri, idman oyunları, maskaları və qrimi ilə seçilən Novruz Bayraını qoruyub saxladılar. Müsəlman təkallahlığı Azərbaycan xalqını yeni mənəvi prinsiplər ətrafında daha da sıx birləşdirdi.

Həm qədim, həm də orta əsr müsəlman Azərbaycanında gözəllik və kamillik mədəniyyətin göstəriciləri sayılırdı. Zadəganlar (şahlar, xanlar, sultanlar və bəylər) estetik idealın əsas istehlakçıları, qoruyucuları və himayədarları idilər. Hesab olunurdu ki, gözəllik insanın həm zahiri görünüşü, həm də cəmiyyətdə düzgün və gözəl davranması ilə bilavasitə bağlıdır. Tarix, məntiq, riyaziyyat, din və hüquq kimi elmlərlə yanaşı, gənc zadəganlara hüsnxət, xəttatlıq, nəzakətli davranış, masa arxasında özünü düzgün aparmaq, ətriyyat seçmək və kosmetikadan istifadə etmək qaydaları da tədris olunurdu. Oğlanlara at çapmaq və qılınc oynatmaq da öyrədirdilər.

Natiqlik, şer yazmaq, məşhur şairlərin misralarını əzbər bilmək gənc zadəganın əsas üstünlükləri sayılırdı. Məsələn, dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) göstərir ki, gənc şahzadə Xosrova natiqlik və öz fıkirlərini gözəl ifadə etmək sənəti tədris edilirdi:

Günləri boş-bekar keçməsin deyə,
Şah tapşırdı onu bir mürəbbiyə.
Bu söhbətdən keçdi bir neçə zaman,
Xosrov hər hünərdə oldu qəhrəman.
Sözünün şöhrəti düşdü cahana,
Dəniz kimi səpdi dürrü hər yana.
Su kimi söz deyən hər aqil, huşyar,
Ona ehtiyatla yanaşırdılır.

Nizami Gəncəvi, “Xosrov
və Şirin”, tərc. Rəsul Rza


Yüksək mənəvi mədəniyyət şahların və zadəganların saraylarında formalaşırdı. O yerlərdə ki, müharibələr və inqilablar zamanı kübar ailələr məhv edilirdi, orada nəzakətli davranış və gözəl zövq də unudulurdu. Nəticədə, bahalı və keyfiyyətli paltarlar və ətriyyatlar yox olur, yaxşı poemalar və rəsm əsərləri yaradılmır, yüksək incəsənət adi sənətlə əvəz olunur, müğənni və musiqiçilər öz bacarığını inkişaf etdirə bilmirdilər.

Kübar cəmiyyət ta qədimdən bahalı və böyük zəhmət tələb edən yüksək sənətkarlıq incilərinin əsas istehlakçısı olub. Şahlar, xanlar və sultanlar bahalı ətirlər, qəşəng əşyalar və paltarlar alır, poemaların və elmi kitabların yazılmasını sifariş edirdilər. Onlar bütün bu işlərə külli miqdarda pul sərf edir və əvəzində heç bir gəlir gözləmirdilər. Hökmdarların saraylarında istedadlı şair və rəssamlar yaşayırdılar. Bu sənətkarlar azsaylı varlı zümrə üçün gözəl sənət inciləri yaradırdılar. Ona görə də, yüksək incəsənət bazar münasibətlərindən asılı deyildi. Əslində, feodal mütləqiyyət zamanı ədəbiyyat, musiqi və rəssamlığın Qızıl Dövrü olmuşdu.

“Gözəllik, gözəllik və yenə də gözəllik!” Estetik ideala büsbütün bağlı olan orta əsr Azərbaycan mədəniyyətinin əsas devizi belə olmuşdur. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli (1494-1556 AD) yazırdı ki, bütün dünya pərvanəyə dönüb Gözəllik şamının işığına uçur!

XIV-XVII əsr görkəmli Azərbaycan rəssamları Kəmaləddin Behzad, Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Mir Seyid Əlinin miniatür əsərlərinə nəzər salaq. Bu rəsmlər dünyanın gözəlliyini tərənnüm edir. Rəssamlar zadəgan və xidmətçilərilə əhatə olunmuş şahları, onların xanım və qızlarını məharətlə təsvir edirdilər. Burada gözəl bağlar içində ucalan əzəmətli sarayları, müxtəlif bitki və heyvanları, insana ruh verən təbiət mənzərələrini görmək olar. Miniatürlərdə əksini tapmış divlər də qorxunc olmaqla yanaşı, özünəməxsus cazibədarlığa malikdir.

Azərbaycan miniatürlərində ideal gözəllik dünyası təsvir edilmişdir. Lakin onu orta əsr miniatürçülərinin xəyal aləmi hesab etmək düzgün olmazdı. Minlərlə Azərbaycan memarı, bağban, əttarlar, dərzi, sənət adamı, şair, musiqiçələr və rəssamları bu idealın gerçəkləşməsi üçün çalışırdılar. Nizami istedadlı memar Simnarın ucaltdığı şah sarayının qeyri-adi gözəlliyindən bəhs edərək yazır:

Dəmir ölçən oldu Simnarın əli,
Binada işlədi tamam beş ili.
Sankı tapmış idim bol cavahirat,
Hüsnü o yerlərin məni etdi mat.

Nizami Gəncəvi, “Yeddi Gözəl”,
tərc. Məmməd Rəhim


Qadınlara qarşı diskriminasiya və dini fanatizm Azərbaycan cəmiyyətinə heç vaxt xas olmayıb. Qadın dünyanm ən cəzbedici və gözəl varlığı sayılırdı. Şərqin şair və rəssamları qadın gözəlliyini yorulmadan tərənnüm edirdilər. Məsələn, orta əsr Azərbaycan miniatürləri şah və şahzadələrin, onların xadimə və əsabələrinin cəzbedici obrazları ilə bəzədilmişdir. Bir qayda olaraq, qadınlar gözəl paltarlarda, açıq üzlə (hicabsız, çarşabsız) təsvir olunurdu. Bu rəsmlərin əsas süjetləri aşağıdakılardır: bağda istirahət və gəzinti, sevgililərin söhbəti, təbiət qoynunda yeyib-içmək və musiqi məclisləri, məhəbbət səhnələri. Bəzən qadınlarin sifətində yüngül kosmetika (sürmə, kirpik boyası, pudra və s.) izlərini görmək olar.

Qədim adətlərə riayət edən bir çox türk tayfaları (oğuzlar, qıpcaqlar) qadınlarının üzlərini hicabla örtməkdən imtina edirdi. Nizamiyə əsasən, qıpcaq ağsaqalları qadınlara üzünü örtməyi təklif edən hökmdara aşağıdakı sözlərlə cavab verdilər:

Üz örtmək doğru yol deyildir, ancaq,
İtaət etməz bu ayinə Qıpcaq.
Üz örtmək ayini qoy olsun sənin,
Bizə də göz örtmək olmuşdur ayin.
Baxmamaq gərəkdir naməhrəm üzə,
Nə suçu var üzün, cəza ver gözə.
Bu sözlər gəlirsə padşaha ağır,
Nə üçün bəs üzə, arxaya baxır.
Bu, hasar deyilmi qıza, gəlinə?
Heç biri girməmiş yad gərdəyinə...
Örtük salmaqdansa xalqın üzünə,
Özün bir örtük çək baxan gözünə!


Nizami Gəncəvi,
“İsgəndərnamə”, tərc. A.Şaiq


Hicab örtən müsəlman qadınlar da gözəl və cazibədar olmağa, öz zahiri görünüşlərinə fikir verməyə çalışırdılar. O dövrün qadınları ənbər, müşk, qızılgül yağı kimi müxtəlif ətirli maddələrdən istifadə edirdilər. Onlar saçlarını xına, basma, şabalıd qabığı və başqa təbii boyalarla rəngləyirdilər. Müxtəlif kosmetika növləri mövcud idi. Bəzi ətirlər kiçik yaşlı qızlar, başqaları - cavan gəlinlər, üçüncüləri isə daha yaşlı qadınlar üçün nəzərdə tutulmuşdu. Nizami Gəncəvi qadın gözəlliyini tərənnüm edərkən onu ətirli bitkilərlə müqayisə edirdi.

Nizamidən fərqli olaraq, başqa məşhur Azərbaycan şairi Molla Pənah Vaqif (1717-1797) qadın gözəlliyindən daha sadə və təbii dildə bəhs edirdi. Vaqif “ideal gözəli” deyil, adi qadını tərənnüm edirdi:

Bənövşətək ənbər zülfün buy verir,
Hər yuyub-sərəndə həvayə, Zeynəb!
Onun ətrin dimağından üzməsin,
Əmanət et badi-səbayə, Zeynəb!


Vaqif, “Qoşmalar”

Qadın gözəlliyindən yazan Şərq klassikləri dünyanın gözəlliyini tərənnüm etməyi də unutmurdular. Onların çoxsu Şərq mistisizminin (təsəvvüfün) tərəfdarları idi və inanırdılar ki, dünya Allah tərəfındən son dərəcədə kamil və gözəl yaradılmışdır. Təsəvvüfə əsasən, hər bir insan Kainatın ayrılmaz hissəsi və ali ilahi qüvvələrin təcəssümüdür. Bu həqiqəti anlayan insan daha da güclü olur, onun ruhu kamilləşir və Allaha bir qədər də yaxınlaşır. Mənəvi kamilliyə yetişmək və Allaha daha yaxın olmaq üçün, sufılər xüsusi sehrli dualar oxuyur, xəyallarında müxtəlif şeyləri canlandıraraq, rəqs edir, xüsusi musiqilərə qulaq asır, dərviş mahnılarını oxuyur və ətirli bitkilər yandırırdılar. Azərbaycan təsəvvüf fılosofu Şihabəddin Sührəvərdi (vəfatı - 1191 ) yazırdı: “Bil ki, ruhunu inkişaf etdirən şəxslər bəzən incə musiqidən və xoş ətirlərdən istifadə edirlər... Nəticədə onlar ilahi işığı duymaq qabiliyyətini əldə edir... Sonra bu qabiliyyət onlarda vərdişə çevrilir və daha da güclənir» [8] Onuncu əsrin sonunda “İxvənüs-Səfa» (Saflıq Qardaşları) adlanan sufi filosoflarının bir qrupu musiqi, təbiət ünsürləri (heyvanlar, bitkilər, minerallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Başqa fılosoflar hesab edirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir edir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara — mixək və jenşen, ud - pişikotu, ney - badrəncbuyə, zurna - tünd qəhvə kimi təsir göstərir.


GÖZƏLLİK VƏ XOŞ ƏHVAL-RUHİYYƏ

Xoşbəxtlik nə deməkdir? Müxtəlif mütəfəkkir və filosoflar bu suallara müxtəlif cavablar verirlər. Biri deyir: “Səadət - vətənə qulluq etməkdir” başqası: “Xoşbəxtlik uğurlu ailə qurmaqdır» və yaxud «xoşbəxtlik maraqlı peşəyə sahib olmaqdır» və s. Orta əsr Azərbaycan misalına əsasən: “Dünyada üç şəxs başqalarından daha bədbəxtdir: zəifə tabe olmuş güclü, axmağın rəhbərliyi altında çalışan ağıllı, və xəsisə möhtac qalmış əliaçıq insan”. Xoşbəxtlik və yaxud bəxtsizlik haqqında saysız-hesabsız başqa fıkirlər də mövcuddur. Bütün insanlar müxtəlifdir və bir adamı ruhlandıran şeylər başqa bir adama maraqsız və hətta son dərəcədə rəzil görünə bilər. Buna baxmayaraq, dünyanın bütün xoşbəxt insanları bir ümumi cəhətə malikdir: adətən, onlar gülür, təbəssüm göstərir və xoş əhval-ruhiyyədə olurlar. Orta əsr ərəb yazıçısı Əbu Osman Əl-Cahiz (775-869) yazır: “Uşağ doğulduqdan dərhal sonra əldə etdiyi ilk fayda gülüşdür. Gülən zaman o özünü yaxşı hiss edir... Gülüş sağlamlığı möhkəmləndirir, qüvvət və səadətin mənbəyi olan qanın miqdarmı artırır...” [9] Beləiklə, xoşbəxtlik insan ruhunun son dərəcədə rahat olması və sevinməsi deməkdir. Deməli, insan nə qədər çox sevinirsə, özünü bir o qədər xoşbəxt hiss edir.

Əhvalımızın yaxşı olması üçün nə tələb olunur? Bizi əhatə edən mühitin gözəl, daxili dünyamızın isə ahəngdar olması vacibdir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün insan gözəl əşyalarla əhatə olunmalıdır. Məlumdur ki, kasıb və çirkin şəraitdə yaşayan insan çox vaxt qəm-qüssəyə qapılır. Və əksinə, gözəl şəhər və təbiət mənzərəsini seyr etmək, səliqəli və təmiz evdə yaşamaq insanın əhvalına müsbət təsir göstərir. Ondan başqa, insanın psixoloji vəziyyəti onun zahiri görünüşü, geyimi, saç düzümü və istifadə etdiyi ətirlərlə birbaşa bağlıdır.

Geyimdəki səliqəsizlik və zahiri görünüşünə laqeyd münasibət insanın özünə hörmət etmədiyindən, bəzən isə, onda əsəb və ruhi xəstəliklərin olmasmdan xəbər verir. Depressiya keçirən insanlar, adətən, öz zahiri görünüşünə fıkir vermirlər. Onlar öz daxili dünyasına qapanır və beləliklə, iş yerinə saçını daramamış, üzünü yumamış və səliqəsiz geyinmiş halda gələ bilərlər. Bu təhər qeyri-sağlam psixoloji duruma autizm deyirlər. Əksinə, şən və gümrah insanlar, adətən, öz zahiri görünüşünün qayğısına qalır və ətrafdakı insanlara xoş təəssürat bağışlamağa çalışırlar.

Digər tərəfdən, insanın zahiri görünüşü onun əhval-ruhiyyəsinə təsir göstərir. Bir qayda olaraq, gözəl və səliqəli paltar geyinmiş insan, pis geyinmiş insana nisbətən özünü daha qüvvətli və arxayın hiss edir. Bunları saç düzümünə və parfümeriyaya da aid etmək olar: gözəl saç düzümü, keyfiyyətli losyon və ətirlər insanı arxayın, şən və gümrah edir. Öz cazibədarlığından xəbərdar olan insan, özünün kifir olmasını dərk edən insana nisbətən daha şən və xoşbəxt olur. Ona görə də xoşbəxtlik və daxili rahatlıq axtaran hər bir insan həm bədəninin, həm də ruhunun təmiz və gözəl olmasma çalışmalıdır.

Ondan başqa, bir çox ətirlərin rayihəsi insanın psixoloji durumuna birbaşa təsir göstərir. Məsələn, bəzi qoxular bizi aktivləşdirir, başqalara — sakitləşdirir, üçüncüləri isə — romantik hisslər oyadır. Ətirlərin düzgün seçilməsi insana öz əhvalını məharətlə idarə etməyə kömək edir.

Mənəvi gözəllik və daxili dünyanın ahəngdarlığı da yaxşı əhval ruhiyyənin yaranmasında vacib rol oynayır. Səmimilik, mehribanlıq və məhəbbət insan ruhunu gözəlləşdirir. Əksinə, qəzəb, paxıllıq və yalan onu korlayır və çirkin edir. "Xeyirxah flkir, xeyirxah söz, xeyirxah əməl!" — qədim azərbaycanlıların “Avesta”sında (e.ə. I minillik) öz əksini tapmış mənəvi kodeksi bundan ibarət olmuşdur.


GÖZƏLLİK VƏ SAĞLAMLIQ

Gözəllik təkcə zahiri və daxili cazibədarlıq deyil, eləcə də sağlamlıqdır. Ən qədim zamanlardan bəri Azərbaycanlılar müxtəlif xəstəlikləri ətirli maddələrlə (çiçəklər, ədviyyələr, ənbər, müşk, sürmə, tutiyə, həna, vəsmə və başqa kosmetik vasitələrlə) müalicə edirdilər. Bu maddələr profılaktik məqsədlərlə də geniş istitfadə olunurdu.

Məhz buna görə də orta əsr bərbərləri həkimlik vəzifəsini də yerinə yetirirdilər. Hamamlar eyni vaxtda gözəllik salonu və klinika vəzifələrini yerinə yetirirdilər. On birinci əsrin məşhur «Qabusnamə» kitabında deyilir ki: “Memarlar binalar ucaltmağa başladıqları vaxtdan bu günə kimi, hamamdan gözəl şey yaratmamışdılar» [10]

Azərbaycan hamamlarında mövcud olan xidmətlərin arasında çimməkdən əlavə ətirli yağları istifadə etməklə masaj da vardı. Bunun üçün hamamlarda bir neçə masajist çalışırdı. Masaj fiziki və psixoloji yorğunluğu aradan qaldırır və qan dövranını yaxşılaşdırırdı. Ondan başqa, bəzi ətirli yağlardan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunurdu. Məsələn, kəklikotu yağı revmatizmə qarşı, həna ilə sarımsaq yağı isə herpesə qarşı istifadə edilirdi. Hamamlarda insanların saçını kəsən, onlara həna, vəsmə və başqa təbii boyalar qoyan bərbərlər çalışırdı.

Çiməndən və massaj aldıqdan sonra insanlar xüsusi otaqda dincələ bilərdilər. Burada onlara ətirli bitkilərlə (nanə, kəklikotu, qaraqınıq, qızılgül ləçəkləri, hil, mixək və s.) dəmlənmiş çay təklif olunurdu. Bundan başqa, insanlar şirniyyat, isti xörəklər və qəlyan da sifariş edə bilərdilər. Şərq hamamında qalmaq insana o qədər böyük ləzzət verirdi ki, bəzi adamlar burada bütün gününü keçirir və yatırdılar. Bir qayda olaraq, insanlar hamadan daha gözəl, sağlam, güclü və enerjili çıxırdılar.

Orta əsr Azərbaycan hamamları memarlıq cəhətdən da çox gözəldir. Adətən, hamamın tağları, gümbəzləri və gözəl darvazası olur. Hamamın içində bir neçə otaq və hovuz yerləşirdi. İndiyə kimi Bakıda bir sıra orta əsr hamamları qalmaqdadır: Hacı Qayıb hamamı (XVI əsr), Qasımbəy hamamı (XVII əsr) və s. Orta əsrlərdə hamamlar bir gün kişi hamamı, növbəti gün isə qadın hamamı kimi fəaliyyət göstərirdi.


GÖZƏLLİK VƏ KARYERA

İnsanın zahiri görünüşü onun peşə karyerasında müstəsna rol oynaya bilər. Rəhbər işçilərə, həmkarlara, müştərilərə gözəl təəssürat bağışlamaq qabiliyyəti hər bir işdə uğur gətirə bilər. Məsələn, “Qabusnamə” (XI əsr) kitabında deyilir: “Həkim həmişə təmiz, səliqəli olmalı, yaxşı geyinməli, gözəl ətirlərdən istifadə etməli, nəzakətli olmalıdır ki, görünüşü və rəftarı ilə xəstəyə müsbət təsürat baxışlasın, onda tezliklə sağalacağına inam yaratsın”. [10]

İnsanın ən mənfi cəhətlərindən biri səliqəsizlikdir. Qədim türk misalında deyilir: «Kasıblıq Allahdandır, çirkinlik - insanın özündən». İnsandan gələn tər iyi, üzünün tüklü olması, saçlarmın daranmaması və pinti geyinməsi bu adamın nəinki özünə hörmət etməməsi, çox güman ki, peşə borcunu da səhlənkarlıqla yerinə yetirməsindən xəbər verir. İnsanlar düşünə bilərlər: «Ola bilsin bu adam iş başında da səliqəsizdir. Yaxşı olar ki, onunla heç bir işimiz olmasın». Bundan əlavə, səliqəsiz, pinti, tər iyi verən insanla bir yerdə olmaq özü-özlüyündə xoşagəlməz bir şeydir. Ona görə də səliqə və təmizlik sağlamlığın şərtləri olmaqla yanaşı, həm də insanın öz peşəsi sahəsində uğur qazanması üçün də vacib zəmindir.

Orta əsr Azərbaycan lətifəsinə əsasən, bir gün Molla Nəsrəddin (Şərq folklorunun komik personajı) öz dostunun təşkil etdiyi yeyib-içmək məclisinə təşrif buyurur. Yüzlərlə qonaq dəvət olunmuşdu və hamısı da bahalı və gözəl paltarlar geyinmişdi. Təkcə Molla Nəsrəddin çox nimdaş bir görkəmdə idi. Nökərlər ona fikir vermədilər, yemək-içmək təklif etmədilər. Molla Nəsrəddin heç nə yeməmiş və içməmiş, məclisi qəzəbli halda tərk etdi. Növbəti dəfə o çox bahalı və səliqəli paltarda gəldi. Nökərlər dərhal ona yaxınlaşaraq şərbət, qızardılmış ət və ətirli plov gətirdilər. Molla bir ovuc düyünü götürüb xələtinin qoluna tökdü. «Ağa, sən nə edirsən?»- deyə nökərlər təəccüblə soruşdular. «Siz bu plovu mənimçün deyil, paltarımçun gətirmisiniz. Qoy o yesin!»- deyə Molla cavab verdi.

Bununla yanaşı, hər bir peşə sahibi özünəməxsus tərzdə geyinirdi. Məsələn, müasir təsəvvürlərə görə, iş adamının xarici görünüşü həddindən artıq dəbdəbəli və rəngarəng olmamalıdır. Səliqə, təvazökarlıq, təmizlik və zövq iş adamına məxsus əsas meyarlardır və təkcə geyimə deyil, eldəcə də parfümeriyaya və zinət əşyalarına aiddir. Orta əsr Azərbaycan tacirləri də çox səliqəli, lakin nisbətən təvazökar təsir bağışlayan paltarlar geyinirdi. Onların geyimləri zadəganların paltarları kimi dəbdəbəli və rəngarəng deyildi.

İnsanın geyimi onun yaşından da asılıdır. XI əsr müəllifı yazır: Cavan insanlar çox rəngarəng və şux paltarlar geyinə bilər, yaşlı insanlar isə daha təvazökar geyinməlidirlər» [10]


İNSAN VƏ TƏBİƏT

Qədim romalılar haqlı olaraq deyirdilər: «Həkim müalicə edir, təbiət isə sağaldır» İnsan təbiətin ayrılmaz hissəsidir. İnsanlar, heyvanlar, bitki və minerallar eyni təbiət ünsürlərindən ibarətdirlər. Ona görə də insan orqanizmi təbii dərmanları və kosmetik vasitələri süni kimyəvi preparatlara nisbətən daha asanlıqla qəbul edir və mənimsəyir.

Hələ 700 il bundan əvvəl Azərbaycan mütəfəkkirləri insanın təbiətlə sıx əlaqədə olmasını qeyd edirdilər. Məsələn, Mahmud Şəbüstəri (1287-1320) sübut edirdi ki, insanlar, bitkilər, heyvanlar və minerallar eyni mənbədən yaranmışdır: «Bil ki, ünsürlər birləşəndə minerallar yarandı. Sonra minerallardan bitkilər əmələ gəldi, bitkilərdən heyvanlar, inkişaf etmiş heyvanlardan isə insan yarandı... Heyvanlarla insan arasında bir çox keçid pillələri var, lakin onların ən əsası meymundur. Çünki meymunun bütün bədən üzvləri insan orqanlarma bənzəyir". [11] Təbrizli sufi mütəfəkkiri bu dahi fıkirləri Darvindən 600 il qabaq söyləmişdi.

Cənubi Azərbaycanı Marağa şəhərində rəsədxananın və elmi mərkəzin banisi Nəsrəddin Tusi də (1201-1274) qeyd edirdi ki, insanın heyvanat, nəbatat və mineral aləmi ilə sıx əlaqəsi vardır. [12]

Keçmişdə yaşamış dahi mütəfəkkirlərin bu parlaq ideyaları bugünkü elmi-texniki tərəqqi dövründə daha da böyük əhəmiyyət kəsb edir. Təbiətdən tamamilə təcrid olmaq, çoxmərtəbəli binalar, asfalt, metal, avtomobil, süni qida əlavələri, qeyri-təbii yeməklər, kimyəvi kosmetika və dərmanlar dünyasında yaşamaq insan üçün olduqca təhlükəlidir.

Son onilliklərdə bir çox Qərb ölkələrində «təbiətə qayıdış» tendensiyası sezilməkdədir. Ekoloji cəhətdən təmiz təbii kosmetika və bitkilərdən hazırlanmış dərman preparatları getdikcə daha da populyarlaşır. Şəhərlərin bir çox yerlərində park və bağlar salınır və insanlar uşaqlarına təbiətə məhəbbət hissi aşılamağa çalışırlar. Çünki yalnız təbii şəraitdə boya-başa çatan insan özünün zehni və fiziki sağlamlığını qoruya bilər.

Hal-hazırda bəzi həkimlər hipoterapiya adlanan yeni müalicə üsulundan istifadə edirlər. Bu üsula əsasən, nevrozlardan əziyyət çəkən insanlar heyvanlara baxmaq, onlarla oynamaq, hətta onları sığallamaqla müalicə olunur. Alimlər fıkir veriblər ki, pişiklər, itlər və başqa ev heyvanları insanın sinir sistemini sakitləşdirmək gücünə malikdir.

Orta əsr Şərq həkimləri insanın təbiətlə ünsiyyətdə olmasına böyük əhəmiyyət verirdilər. Fiziki və psixoloji yorğunluğu aradan qaldırmaq üçün bağda gəzişmək, ot və çiçəkləri qoxulamaq məsləhət edilirdi. Bundan başqa, xəstəyə quşların cəh-cəhinə, fəvvarə və yaxud bulaq suyunun şırıltısma qulaq asmaq, gözəl mənzərələri seyr etmək tövsiyyə edilirdi. Adətən, baş ağrısından əziyyət çəkən orta əsr zadəganları gül bağçalarına üz tuturdular. Onlar ərik ağacının kölgəsində, qızılgül, yasəmən və bənövşə çiçəklərinin yanında əyləşib, onların gözəl qoxusundan zövq alırdılar. XVIII əsr həkimi Hacı Süleyman Qacar İrəvani baş ağrısmı müalicə etmək üçün bu çiçəkləri iyləməyi tövsiyə edirdi. On beşinci əsr Osmanlı kitab miniatüründə əlindəki bənövşə çiçəyini qoxulayan II Sultan Mehmet Fatehin şəkli vardır. Bu üsülla Sultan Mehmet baş ağrısından qurtulmağa çalışırdı.

Şərqin başqa xalqları kimi azərbaycanlılar da tibb, aromaterapiya və ətirlərin hazırlanması sahəsində zəngin ənənələrə malikdir. Sosialist dövründə qədim Azərbaycan mədəniyyəti, müəyyən mənada, standart sovet mədəniyyəiti ilə əvəz olundu. Köhnə kübar ailələr və ziyalıların əksəriyyəti məhv edildi. Bir çox azərbaycanlılar öz köklərini unutdu. Xoşbəxtlikdən, əcdadlarımızın zəngin irsi tamamilə yox olmadı. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, sosializmdən kapitalizmə keçid dövrünün çətinliklərinə baxmayaraq, öz tarix və ənənələrini yenidən nəzərdən keçirməyə çalışırlar. Son zamanda Azərbaycanm alimləri, naşirləri və iş adamları keçmişin qiymətli mirasmı bərpa etməyə və yenidən həyata qaytarmağa cəhd göstərirlər.


ƏDƏBİYYAT

1. История Азербайджана. Под ред. И.А.Гусейнова, А.С.Сумбатзаде и др. Баку, Изд-во АН Азербайджана, т. I, 1958

2. Кемал Алиев. Античные источники по истории Азербайджана. Баку, Элм, 1987

3. Şəhla Mikailova. Qədim və orta əsrdə Azərbaycanda dərmanşünaslıq. Bakı, 2000, s.29

4. Играр Алиев. Очерк истории Атропатены. Баку, Азернешр, 1989, с.99

5. Boyce, Mary, Zoroastrians: Their Religious Beliefs and Practices. London: Routledge and Kegan Paul, 1979

6. Mirəli Seyidov. Azərbaycan mifoloji təfəkkürünün qaynaqları. Bakı, Azərnəşr, 1988, s.14-46

7. Kitabi-Dədə Qorqud. Tərtib, sadələşdirilmiş variant və müqəddimə F.Zeynalovun və S.Əlizadənindir. Bakı, Yazıçı, 1988, 265 S.

8. Şıhabəddin Yəhya Süxrəvərdi. Filosofların Görüşlərı. Z.J. Məmmədovun və T.B.Həsənovun tərcüməsi. Bakı, Elm, 1986, 32 səh.

9. Аль-Джахиз. Книга о скупых. Пер. с араб., пред. и прим проф. Х.К.Баранова, Москва, Наука, 1965, 288 С.

10. Qabusnamə. Farscadan tərcümə, qeyd və şərhlər Rəhim Sultanovundur.Az.Dövl.Nəşr., 1989, 240 S.

11. Исмаилов Ш.Ю. Пантеизм XIV века и его значение в истории развития материалистической философии в Азербайджане. В кн: Методологические вопросы истории развития средневековой философии народов Закавказья. Баку, Элм, 1982, с. 178

12. Ələkbərli Fərid. Nəsirəddin Tusinin təkаmül görüşlərinə dаir. Bаkı, Örnək, 2002, 32 s.







H O M E * ANA SƏHİFƏ * ДОМАШНЯЯ



© Fərid Ələkbərli, 2006. // "ELM" Tarix və Mədəniyyət saytı // Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat İnternet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.