AZ  EN  RU

 

 FƏRİD ƏLƏKBƏRLİ

 

NƏSİRƏDDİN TUSİNİN

TƏKAMÜL GÖRÜŞLƏRİ

 

Kitabça 2000-ci ildə  “Örnək” nəşriyyatinda çap olunmuşdu. 

 

 

ÖN SÖZ

 

Məşhur Azərbaycan alimi Xacə Nasirəddin Tusi (1201-1274) bir çox elmlərin inkişafına böyük tə'sir göstərmişdir. Məhz buna görə də onun elmi irsi həmişə diqqət mərkəzində olmuşdur. Dünyanın məşhur alimləri Nəsirəddin Tusinin elmi fəaliyyəti haqqmda dəyərli əsərlər yaratmışlar (Шмидт, 1913; Розенфельд, 1953; Browne, 1956; Болтаев, 1965;  Мамедбейли, 1961; Диноршрев, 1968; Madelung, 1974; Эгбал, 1976; Badie, 1977; Рахматуллаев, 1980; Eyvazov, 1980; Кулизаде, 1982; Рзаев, 1983; və s.).

 

Bu və digər alimlər Nəsirəddin Tusinin dəqiq elmlərə və fəlsəfəyə aid əsərlərini dərindən təhlil etmişlər. H.Məmmədbəylinin Основатель марагинской обсерватории Мухаммед Туси. (7) əsərini hüsusilə qeyd etmək lazımdır. Bu kitab Nəsirəddin Tusinin astronomiya, triqonometriya, coğrafiya elmlərinin inkişafında oynadığı roldan bəhs edir.

 

A.K.Rzayev özünün Насиреддин Туси. Политико-правовые воззрения (10) kitabında Tusinin siyasət və hüquq haqqındakı fikirlərini, o cümlədən "kamil cəmiyyət" nəzəriyyəsini, araşdırır. Başqa əsərlərdə Tusi yaradıcılığının digər yönləri də tədqiq olunur. Lakin mühtəlif dillərdə geniş ədəbiyyatın mövcud olmasma baxmayaraq, Tusi irsinin müəyyən bir hissəsi tədqiqatdan kənarda qalmışdır. Məsələn, mütəfəkkirin təkamül görüşləri biologiya elmi baxımından təhlil olunmamışdır. Belə ki, nə "История философии в СССР" (5), nə də ki "Очерки по истории азербайджанской философии" (8) kitablarında Tusinin təkamül nəzəriyyəsi haqqında geniş məlumat yoxdur. Lakin bu nəzəriyyə, azacıq da olsa, bəzi alimlərin diqqətini cəlb etmişdir. Məsələn, M.N.Boltayev yazır: "...Canlı təbiətin cansız aləmdən yaranması haqqında müfəssəl bir nəzəriyyəyə biz Nəsirəddən Tusinin əsərlərində rast gəlirik" (1).

 

Hazırkı kitabçanın müəllifi Nəsirəddin Tusinin təkamül görüşlərini biologia elmi baxımmdan təhlil etməyə çalışır. İlk mənbə kimi Tusinin məşhur "Əxlaqi-Nasiri" kitabından istifadə olunmuşdur (16).

 

 

TUSİNİN TƏKAMÜL NƏZƏRİYYƏSİNİN DİNİ-FƏLSƏFİ ƏSASLARI

 

Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsəri etika və əxlaq məsələlərinə həsr olunsa da, bu kitabda başqa problemlər də araşdırılır. Adı çəkilmiş əsərin əsas obyekti insan və onun mənəviyyatıdır. Bu məsələni təhlil edərkən, Tusi bəşəriyyətin yaranma tarixini, onun bioloji növ kimi formalaşma yollarmı da işıqlandırır. Tusiyə görə insan kainatm bütün cansız və canlı məxluqları ilə qırılmaz tellərlə bağlıdır. Canlı dünya cansız aləmdən, insan isə heyvanlardan yaranıb. Ancaq, bitki və heyvanlardan fərqli olaraq, insan özünün ağlı, şüuru və iradəsi sayəsində Allaha daha yaxmdır və dünyada fovqəladə yer tutur.

 

Tusinin yaratdığı təkamül nəzəriyyəsı, əsas etibarilə, sırf elmi səciyyə daşıyır və dini ehkamlardan uzaqdır. Bununla belə, Tusi heç zaman ateist olmayıb. İlk baxışda alimin mövqeyi məntiqsiz görünə bilər. Bir tərəfdən, o, Allahın dünyamızı son dərəcədə kamil və gözəl yaratdığından bəhs edir: "Bunlarm (yəni, canlı varhqlann - F.Ə.) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər" (16, S.51). Digər tərəfdən, Tusi maddi dünyanm öz-özünə inkişaf etməsinə inanır: "Bu minval ilə fəzilətlər tədrici təkamül prosesində inkişaf edərək toxumlu bitkilər və ağacların əmələ gəlməsinə səbəb olur" (16, S.50). Sual olunur, əgər təkamül prosesində təbiət öz-özünə inkişaf edirsə, onda Tanrınm rolu nədən ibarətdir? Xatırladaq ki, Tusi Allaha inandığını dönə-dönə etiraf edir. Məsələn, o yazır: "Böyük Yaradan bizi öz istədiyi şeylərə yaxınlaşdırsın, xoşu gəlməyən hava-həvəsdən uzaqlaşdırsm..." (16, S.54).

 

Bununla belə, alimin fikir və sözlərində heç bir ziddiyət yoxdur. Düzdür, Tusiyə görə həm təbiət, həm də ayrı-ayrı fərdlər öz-özünə inkişaf etməyə qadirdirlər, lakin bu inkişaf Tanrı tərəfindən istiqamətləndirilir. Yəni, kainat Allah tərəfindən yaradılmışdır, və o zamandan bəri Yaradıcının "ümumi layihəsi" üzrə müstəqil surətdə inkişaf edir.

 

Onu da nəzərə almaq lazımdır ki, Tusi öz dövrünün dini ehkamlarma qarşı açıq-açığma çıxış edə bilməzdi. Mahiyyətcə, onun təkamül nəzəriyyəsi onsuz da rəsmi ilahiyyat elmindən (kəlamdan) uzaq idi. Bu ziddiyəti ört-basdır etmək üçün Tusi öz əsərinə Tanrınm müdrikliyini və qüdrətini tərənnüm edən, lakin heç bir elmi və ya fəlsəfi mahiyyət daşımayan, sitatlar daxil etmişdi. Allaha ürəkdən inanan Tusi dini ehkamçılığın tərəfdarı deyildi. O, dinin gizli, məcazi mənaya malik olmasma inanırdı. Təsadüfi deyil ki, Tusi bir çox sufi mütəfəkkirləri ilə dostluq edirdi (6). Sufilər isə dünyanm və insanın təkamül etmək qabiliyyətinə inanırdılar.

 

Onu da nəzərə almaq lazımdır ki, orta əsr müsəlman alimləri ortodoksal İslam ideologiyası (kəlam elmı) ilə yanaşı qədim yunan fəlsəfəsindən də bəhrələnirdilər. Şərqin başqa alimləri kimi, Tusi də antik filosofların zəngin irsini müqəddəs Quranın hikməti ilə barışdırmağa çalışırdı. Tusinin özü bunun haqqında belə yazır: "İlahiyyatdan (kəlamdari) sonra mən fəlsəfəni də öyrənməyə başladım və bu elmdən çox faydalandım. İlahiyyatdan fərqli olaraq, fəlsəfə şüurumuza imkan verir ki, sadəcə sələflərimizin fikirlərini təkrarlamayaraq, həqiqəti müstəqil surətdə dərk edək" (10, S.6).

 

Təbiətin inkişafinı, bitki və heyvanların təkamülünü araşdırarkən Tusi qədim yunan alimi Aristotelin (e.ə.384-322) zəngin irsinə arxalanırdı. Aristotel Şərqdə çox böyük şöhrətə malik idi. Hələ Tusidən öncə Aristotelin təbiətşünaslığa aid görüşləri Əbu İsxaq əl-Kindi (təqr. 800-870), Əbu Nəsr əl-Fərabi (870-950), Əbu Reyhan Biruni (972-1048) və Əbu Əli İbn Sina (980-1037) kimi dahi alimlər tərəfindən inkişaf və təbliğ etdirilirdi. Bundan əlavə, Tusi öz əsərlərində Demokritin (e.ə.460-370) atomistik məktəbinə aid filosoflara istinad edir, və bu da onun qədim yunan fəlsəfəsini dərindən bilməsinə sübutdur (10, s.14).

 

Tusinin fəlsəfi görüşlərində dialektik məqamlara da rast gəlmək olar. Alim bəyan edir ki, kainatm inkişafı onun daxilində olan ziddiyətlərin toqquşması ilə bağlıdır. Tusiyə əsasən ilkin dünya ümumi vahid maddiyatdan ibarət olmuşdu. Lakin tədricən onun daxilində ziddiyətlər yetişdi. Məhz bu ziddiyətlərin aşkarlanması, ilk ünsürlərin toqquşması və bir-birinə qarşılıqlı təsir etməsi nəticəsində dünya inkişaf etməyə başlayır (16, s.49-50).

 

Beləliklə, Tusi İbn Sinanın yolunu davam edərək, təbiətşünaslıq problemlərini peripatetik fəlsəfənin işığında həll etməyə çalışırdı. Z.Quluzadə haqlı olaraq qeyd edir ki, peşəkar, o cümlədən peripatetik, fəlsəfə dinin və Tanrınm mövcudluğunu inkar etməsə də, kainatın yaradılmasından sonra Yaradıcını dünyanm işlərindən nəzakətlə uzaqlaşdırır. Filosoflar inanırdılar ki, kainat öz qanunlarına və daxili təbiətinə əsasən inkişaf edir (6, S.47).

 

Qeyd etdiyimiz kimi, Tusi təsəvvüf əqidəsinə maraq göstərirdi, dövrünün bir çox məşhur sufiləri ilə məktublaşırdı. Sufilərin əqidəsinə görə Allaha yaxınlaşmaq üçün insan mənəvi təkamül yolunu keçməlidir. Tusidən sonra təkamül nəzəriyyəsini XIV-ci əsdə yaşamış məşhur Azərbaycan sufisi Mahmud Şəbustari, eləcə də başqa sufi mütəfəkkirləri inkişaf etdirirdilər.

 

Şəbustari yazır: "Bil ki, ilk ünsürlər birləşəndə minerallar yarandı, sonra minerallardan bitkilər, bitkilərdən isə heyvanlar meydana gəldi; inkişaf etmiş heyvanlardan insan yarandı... İnsanla heyvan arasında bir çox keçid pillələri, müxtəlif heyvanlar vardır, amma əsas keçid pilləsi meymundur, çünki onun bütün bədən üzvləri insanın müvafiq orqanlarma bənzəyir (4, S. 178).

 

 

TƏKAMÜLÜN İLKİN MƏRHƏLƏSİ

 

Tusinin əqidəsinə görə heç bir maddi cism tamamilə məhv ola bilməz: "Əgər bir adam diqqətli və kamil bir tədqiqatçı gözü ilə maddələrin deyişməsinə, quruluş və tərkiblərin dağılıb yenidən qurulmasma, onlar arasındakı çevriliş və ziddiyətlərə nəzər salsa, ... mütləq görər ki, dünyada heç bir şey tam şəkildə məhv olmur, bəlkə onun forması vəziyyəti, tərkibi, quruluşu, rəngi, keyftyyətləri ya şərikli bir varhğa və ya sabit bir maddəyə çevrilir... Çünki cismi varlıqların məhv olmaq qabiliyyəti yoxdur" (16, S.47-48).

 

Bu sözlərdən aydın olur ki, Nəsirəddin Tusi Mixail Lomonosovdan (1711-1765) və Antuan Lavuazyedən (1743-1794) 500 il öncə maddənin məhv olmaması haqqında fikirlər irəli sürmüşdür!

 

Tusi bəyan edir ki, təkamülün birinci mərhələsində dünya eyni təbiətli ünsürlərdən ibarət olmuşdu və onlar: "bir-birinə bərabərdir, heç biri o birisindən heç nədə... üstün deyildir, çünki onların hamısının... bir ilk maddiyatı (həyulası) vardır" (16, S.49).

 

Beləliklə, təkamüldən öncə dünya bir-birinə oxşar ilk ünsürlərdən ibarət idi. Bu ünsürlər həmcins və hərəkətsiz idi. Lakin tədricən bu statik dünyanın içində ziddiyətlər yaranmağa başlayır və sonda: "Müvazinət pozulur, xasiyyət və mahiyyətdə fərqlər meydana çıxır, bəziləri o birisinə nisbətən üstün əlamətlər kəsb edir" (16, S.50). Bundan sonra dünya pillə-pillə inkişaf etməyə başlayır.

 

 

DEYİŞKƏNLİK TƏKAMÜLÜN ƏSAS APARICI QÜVVƏSİ KİMİ

 

Beləliklə, dünya təkamül yolunda ilk addımmı atdı, həmcins maddələr inkişaf etməyə başladı. Təkamül prosesində onlar müxtəlif istiqamətlərdə və müxtəlif sürətlə deyişirdilər. Ona görə də: "Hansı cismin maddəsi daha tez yeni xüsusiyyətlər kəsb edir, daha asan deyişə bilirsə, o, təbiət etibarilə o birilərə nisbətən daha üstün, daha şərəfli olur" (16, S.50).

 

Tusi yazır ki, dəyişkənlik təbiətin bütün ünsürlərinə xas olan cəhətdir. O qeyd edir ki, bu cəhət maddi cismlərdə nə qədər çox inkişaf etsə, onları bir o qədər yüksək təkamül pilləsinə çıxarır. Tusiyə görə maddələr bir-biri ilə bir növ yarışa girirlər. Nəticədə, bəziləri daha yüksək inkişaf pilləsinə qalxır, bəziləri geridə qalır, bəziləri isə ümumiyyətlə yerindən tərpənmirlər. Təbiətdə mühtəlif dərəcədə inkişaf etmiş canlılarm mövcudluğu məhz bununla izah olunur.

 

Tusiyə qeyd edir ki, ilk maddiyat təkamül zəncirinin birinci xalqasıdır. Əvvəlcə bu maddiyatdan minerallar törədi, minerallardan bitki və heyvanat aləmi vücuda gəldi, inkişaf etmiş heyvanlardan isə insan yarandı. Tusi hesab edir ki, bütün bu inkişaf canlıların deyişmək qabiliyyətinə bağlıdır. Beləliklə, deyişkənlik təkamülün əsas aparıcı qüvvəsidir. Xatırladaq ki, XIX-ci əsrdə Çarlz Darvin də oxşar nəticəyə gəlmişdir.

 

Deyişkənliyin səbəbini nə ilə bağlıdır? Tusi hesab edir ki, deyişkənlik maddələrin "bir birinə qarışması və daxili əlaqəyə girməsi", yəni ətraf müxitin təsiri nəticəsində baş verir (16, S. 50). Bu fikir də müasir elmi təsəvvürlərə uyğun gəlir.

 

 

ƏTRAF MÜHİTƏ UYGUNLAŞMA

 

Cismlərin mütamadi deyişkənliyi müxtəlif həyat formalarmm yaranmasına gətirib çıxarır. Tusi onları bir sıra qruplara bölür: adi və mürəkkəb, kamil və qeyri-kamil formalar. Alim qeyd edir ki, cismani kamillik nisbi anlayışdır və canlının mühitə uyğunlaşmasını əks etdirir. Əgər canlının cismani quruluşu ətraf müxitə münasibdirsə, deməli həmin canlı kamildir. Alim hesab edir ki, yer üzündə yaşayan bütün heyvan və bitki növləri kamildir, çünki onlar yaşamaq üçün vacib olan bütün keyfiyyətlərə sahibdirlər. Tusi yazır: "Heyvanlar və quşlar aləminə diqqət edilib müşahidə aparılsa, məlum olar ki, müdafiəyə, mühafizəyə, dolanıb güzəran keçirməyə kimin nəyə ehtiyacı varsa (istər qüvvətdə, istər cəsarətdə, istərsə alətdə), lazım olduğu qədər varıdır" (16, S.57).

 

Tusi qeyd edir ki, heyvanlarin bədən quruluşu ətraf mühitə müxtəlif yollarla uyğunlaşır "... Bunlarm ən təkmilləri əsl silah vəzifəsini yerinə yetirir, məsələn buynuz - nizə, diş və caynaq - bıçaq və neştər, daban və dırnaq - çomaq və qırmaq, bəzi heyvanlarda olan mahmız və tikan - ox və iynə kimi şeydir" (16,8.57).

 

Ətraf mühitə uyğunlaşma prosesi heyvanların nəinki zahiri görünüşünü, hətta davranışını da deyişdirir: "Başqa müdafiə vasitələri olmayanlar özlərini qaçmaq və hiylə işlətməklə müdafiə edirlər; məsələn, ceyran və tülkü kimi" (16, S.57).

 

 

BİTKİ VƏ HEYVANLARIN YARANMASI

 

Tusi canlı təbiəti üç böyük hissəyə bölür: bitki aləmi, heyvanat aləmi və bəşəriyyət. Bununla belə, alim bu qruplar arasında keçid pillələrinin olmasını qeyd edir: "Bu minval ilə fəzilətlər tədrici təkamül prosesində inkişaf edərək toxumlu bitkilər və ağacların əmələ gəlməsinə səbəb olur. Artıq bunlarda özünü mühafizə və nəsilartırma qüvvəsi ən yüksək dərəcəyə çatır. Daha şərafətli ağaclarda tozlandırmanın səbəbi olan erkəklər və tozlanmanın səbəbi olan dişilər bir-birindən fərqlənirlər. Sonra xurma ağacı gəlir ki, onda heyvanlara xas bir neçə xüsusiyyət vardır... Bu dərəcəyə yüksəlmək bitkilərin son təkamül nöqtəsidir, heyvanat aləminə keçid həddidir. Bu həddi keçdikdə heyvanat aləmi başlayır, elə heyvanat aləmi ki, onun başlanğıcı nəbatat aləmi ilə keçid təşkil edir... məsələn, torpaq qurdları, bir fəsildə törəyib o biri fəsildə məhv olan bəzi həşərat və cücülər kimi... Bunların bitkilərdən şərəfli olması (üstünluyu) iradi hərəkət, qida ardınca getmək, faydalı şeyləri tapıb yemək qüvvəsinə yiyələnməkdir. Bu dərəcədən keçdikdən sonra, elə heyvanlar gəlir ki, onlarda zərərli şeylərdən özünü qorumaq üçün qəzəb qüvvəsi meydana çıxır" (16, S. 50-51).

 

Alim bitki və heyvanları bir-biri ilə müqayisə edərək yazır ki, bütün heyvanlar hərəkət etməyi bacarır, inkişaf etmiş heyvanlar isə həm də dərrakəyə malikdirlər. Bunun sayəsində onlar mühitə daha tez uyğunlaşır, şərait deyişəndə davranışmı da deyişirlər. Tusi yazır: "Heyvan sinifləri ilə bitki növləri arasında fərq olduqca çoxdur. Birinci gözə çarpan odur ki, heyvanat aləmi daha mürəkkəbdir. Sonra heyvanat aləminin ən üstün cəhəti onlarda dərrakənin olmasıdır, onlar öz idrakı sayəsində öyrənməyə və təlim almağa qadirdirlər, bunun nəticəsində onlar fitrətlərində olmayan xüsusiyyət kəsb edirlər, məsələn, öyrədilmiş at, əhliləşdirilmiş şahin quşu kimi... Bu, heyvanlarm ən yüksək dərəcəsidir, insanların ilk təkamül dərəcəsi də buradan başlayır" (16, S.51-52).

 

 

İNSANIN YARANMASI

 

Tusi hesab edir ki, insan inkişaf etmiş heyvanlardan yaranmışdır. Məhz buna görə insanla heyvan aləmi arasında müxtəlif keçid formaları vardır. Tusi yazır: "Belə adamlar (yə'ni, insanabənzər meymunlar - F.Ə.), məsələn, Qərbi Sudandakılar və başqaları kimi dünyanın müxtəlif yerlərində təbii daldalanacaqlarda yaşayır, öz hərəkətləri, işləri və davranışları ilə heyvanlardan az fərqlənirlər" (16, S.52).

 

Tusi bəyan edir ki, insan məişəti həm bioloji, həm də ictimai amillərə bağlıdır. Heyvanlar yalnız bioloji həyat yaşadığı halda, insanaların məişəti bioictimai xarakter daşıyır. Tusi yazır: "Bu mərtəbəyə qədər fərqlər və üstünlüklər təbii, fitri fərqlər olur, bundan sonrakı [mərtəbə] kamillik, iradə, müşahidə və biliyə bağlıdır"(16, s.52).

 

Tusiyə görə insan əməyini heyvanların fəaliyyətindən fərqləndirən cəhət insanın "incə alətlər hazırlaya bilməsidir" (16, /7.52). Heyvanlardan fərqli olaraq, insan mücərrəd təfəkkürə malikdir (16, /7.52).

 

Tusi yazır: "Bütün bunları deməkdən, bu dərəcələri açıb göstərməkdən məqsəd odur ki, insan yaranarkən orta dərəcədə, kainatda olan təkamül mərhələlərinin ortasında olduğunu bilsin, fitrətinə görə aşağı dərəcədəkilərlə əlaqədar olduğu və yalnız iradəsi vasitəsi ilə əla dərəcəyə yüksələ biləcəyi göstərilsin" (16, s.52-53).

 

 

NƏTİCƏLƏR

 

Sadalanmış faktları ümumiləşdirərək aşağıdakı nəticələrə gəlmək mümkündür.

 

1. Nəsirəddin Tusi qeyd edir ki, maddə heç vaxt tam şəkildə məhv olmur: "Dünyada heç bir şey tam şəkildə məhv olmur, bəlkə onun formaları, vəziyyəti, tərkibi, quruluşu, rəngi, keyfiyyətləri ya şərikli bir varlığa və ya sabit bir maddəyə çevrilir..." (16, S.47-48). Bu məsələdə Nəsirəddin Tusi Mixail Lomonosov (1711-1765) və Antuan Lavuazye (1743-1794) kimi məşhur alimləri qabaqlamışdır.

2. Alim canlı varlıqların cansız cismlərdən yaranmasını sübut edir. O, təkamül zəncirinin əvvəlində cansız ünsürləri yerləşdirir. Tədricən onlardan minerallar, sonra bitkilər, daha sonra heyvanlar və nəhayət insan yaranmışdır.

3. Tusiyə görə fitri deyişkənlik təkamülün əsas aparıcı qüvvəsidir: "Hansı cismin maddəsi daha tez yeni xüsusiyyətlər kəsb edir, daha asan deyişə bilirsə, o təbiət etibarilə o birilərə nisbətən daha üstün, daha şərəfli olur"(16, s.50).

4. Tusi qed edir ki, bitki və heyvanlar ətraf mühitə uyğunlaşaraq inkişaf edirlər: "Müdafiəyə, mühafizəyə, dolanıb güzəran keçirməyə kimin nəyə ehtiyacı varsa (istər qüvvətdə, istər cəsarətdə, istərsə alətdə), lazım olduğu qədər varıdır" (16, S.51)

5. Tusi insanın başqa canlılardan yaranmasını bəyan edir: "...İnsan yaranarkən orta dərəcədə, kainatda olan təkkəmül mərhələlərinin ortasmda olduğunu bilsin, fitrətinə görə aşağı dərəcədəkilərlə əlaqədar olduğu... göstərilsin" (16, S.52-53).

6. Alim təbiətdə həyat uğrunda mübarizənin baş verməsini etiraf edir. O, bunu açıq şəkildə ifadə etməsə də, yazır ki, hər bir canlı yaşamaq üçün vacib olan bütün təbii keyfiyyətlərə malikdir (buynuzlarm, caynaqların, dırnaqların olması, davranış xüsusiyyətləri və s.). Canlılar bütün bu keyfiyyətlərə malik olmasa, yaşaya bilməzlər.

7. Alim təbii seçmə haqqında heç bir fikir söyləmir. Çox güman ki, Tusi bu amilə böyük əhəmiyyət vermirdi.

 

 

SON SÖZ

 

Nəsirəddin Tusi Jan Batist Lamark (1744-1829) və hətta Çarlz Darvin kimi XIX-ci əsr Avropa təkamülçülərinin əsas ideyalarını qabaqlamışdır. Müəllifin bəzi sadəlövh fikirləri (məsələn, xurma ağacınm guya heyvanat aləminə yaxın olması haqqmda) orta əsr təbiətşünaslıq elminin ümumi inkişaf səviyyəsi ilə bağlıdır. Darvindən fərqli olaraq, Tusi dövr-aləm səyahəti etməmişdir, təbiətşünaslığa aid faktlar toplamamışdır və ümumiyyətlə təkamül nəzəriyyəsi yaratmaq fikrində olmamışdır.

 

Alimi daha çox fəlsəfi problemlər düşündürürdü. Məhz buna görə o, təkamül probleminə təbiətşünas kimi yox, filosof kimi yanaşır. "Əxlaqi-Nasiri" əsərində kainatın və insanın inkişaf tarixi şərh olunur. Alim oxucunun əsas diqqətini İnsanın mənəvi kamilləşməsi probleminə cəlb etməyə çalışır.

 

Təbiətşünaslığa aid faktiki materialın qıtlığı və yunanlardan mənimsənilmiş deduktiv idrak üsulu Tusiyə təkamül görüşlərini təkmilləşdirməyə imkan vermədi. Buna baxmayaraq, Nəsirəddin Tusinin təkamül nəzəriyyəsi çox böyük elmi və tarixi əhəmiyyətə malikdir. Tusinin nəzəriyyəsi təbiətin inkişafını dərk etmək yolunda atılmış ilk cəhdlərdən biridir.

 

Tusiyə görə dünya öz daxili qanunlarına əsasən inkişaf edir. Lakin bu inkişaf zahirən müstəqil olsa da Allah tərəfindən istiqamətləndirilir. Təkamülçü olmaqla yanaşı, Tusi Allahın sonsuz qüdrətinə də inanırdı. Alimin bəzi bəyanatlarında duyulan ziddiyətlər orta əsr dini-fəlsəfi təsəvvürlərin eklektik təbiəti ilə bağlıdır. Bu təsəvvürlər həm rəsmi İslam ideologiyasının, həm də aristotelizm və neoplatonizm kimi fəlsəfi cərəyanlarm təsirinə məruz qalmışdı.

 

Tusi hesab edir ki, insan təkamülün ən şərəfli məhsuludur. Bununla belə, insan bütün inkişaf imkanlarından istifadə etməmişdir. Onun gələcək təkamülü bioloji proqres istiqamətində deyil, ictimai, mənəvi və zehni kamilləşmə istiqamətlərində baş verməlidir. Tusi bəyan edir ki, bu yolda bəşəriyyət çox böyük imkanlara malikdir və bir vaxt dünya daha ədalətli, insan isə daha kamil olacaq.

 

 

ƏDƏBİYYAT

 

1. Болтаев М.Н. Вопросы гносеологии и логики в произведениях Ибн Сины и его школы. Душанбе, 1961

 

2. Диноршоев М. Философия Насиреддина Туcи. Душанбе, 1968

 

3. Ибрагим Т.И., Сагадеев А.В. ат-Туси. В кн.: Ислам: Энциклопедический словарь. М.: Наука, 1991, с. 238

 

4. Исмаилов Ш.Ю.  Пантеизм XIV века и его значение в истории развития материалистической философии в Азербайджане. В кн.: Методологические вопросы истории развития средневековой философии народов Закавказья. - Баку, Элм, 1982, с. 169-186

 

5. История философии в СССР, т.1, Москва, 1968

 

6. Кулизаде З.А. Закономерности развития средневековой восточной философии XIII-XVI вв. и проблема Запад-Восток. В кн.: Методологические вопросы истории развития средневековой философии народов Закавказья. - Баку, Элм, 1982, с. 35-54

 

7. Мамедбейли Г.Д. Основатель марагинской обсерватории Мухаммед Туси. Баку, Изд-во АН  Азербайджанской ССР, 1961

 

8. Очерки по истории азербайджанской философии., т.1, Баку, 1966.

 

9. Рахматуллаев Н.  Философские взгляды Ибн Сины в книге наставления". - Душанбе, 1980.

 

10. Рзаев А.К. Насиреддин Туей. Политико-правовые воззрения. Баку, Элм, 1983

 

11. Розенфельд  Б.   О  математических  работах  Насирэддина  Туей.   Историко-математические исследования, вып. IV, М.Л., 1951

 

12. Шмидт А.Э. Насирэддин Туси по вопросу о свободе воли. - Спб., 1913.

 

13. Эгбал Я. Ходаванде данеш ве сийасат Ходже Насир од-Дин Туей. Везарате фарханг вя хонар. - Тегеран, 1976

 

14. Eyvazov Fərman. Nəsirəddin Tusi. Baki, 1980

 

15. Ələkbərov (Ələkbərli) Fərid. Orta əsrlər Azərbaycan alimlərinin təkamül görüşləri. “Elm” 13 Avgust 1988, səh. 4

 

16. Xace Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Baki, Elm, 1989

 

17. Badie Bertrand. La philosophic politique de 1'hellenisme musulman 1'oeuvre de Nasered- Din Tusi. Revue franHaise de science politique. Paris, 1977, vol.27, №2, pp.290-304

 

18. Browne, E.G. A literary history of Persia. - Cambridge, vol. 2-3, 1956

 

19. Madelung W. As-Sahrastanis streitschrift gegen Avicenna und ihre Widerlegung durch Nasir-ad-Din at-Tusi. - In: Akten des VII Kongress für Arabistik und Islamwissenschaft, Götingen, 1974, S.250-259

 

 

<<<<<<<<ANA SƏHİFƏ

 

 

© Fərid Ələkbərli, 2006. Bütün hüquqlar qorunur // Fərid Ələkbərlinin İnternet sahifəsi //

e-mail: aamhaz@aamh.az