Logo

05.11.2006.

AZƏRBAYCAN TİBBİNİN XRONOLOGİYASI
əsas tarixi hadisələr (e.ə. 4500 —2006)

FƏRİD ƏLƏKBƏRLİ,
tarix elmləri doktoru, professor



SkullSolda: Ağdam rayonunun Çalağantəpə məntəqəsində tapılmış trepanasiya izlərini daşıyan daş dövrünə aid kəllə. E.ə. V minillik. Milli Azərbaycan Tarixi Muzeyi.

· Azərbaycanın Çalağantəpə məntəqəsində aparılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. V  minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur.

· E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan  tibbinin təsiri altında inkişaf edirdi. Atroptena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və  yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.

· Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkçə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər. Yaşıllıq ilahəsi Öləng həkimlərin himayəçisi sayılırdı.

· Ərəb istilasından sonra (VII-VIII əsrlər) Azərbaycanda İslam tibbi, yaxud yunan-ərəb təbabəti deyilən yeni tibb konsepsiyası yayılmağa başladı. Bu konsepsiya, əsasən, Hippokratın və Galenin nəzəriyyələrinə əsaslanırdı.  Əbu Əli ibn Sina (980-1037) bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda, tibb sahəsində ən tanınmış alim sayılırdı.  “Tibb qanunları” əsərinin ən qədim nüsxələrindən biri (1143-cü ildə köçürülmüşdür)  Bakının Əlyazmalar İnstitutunda saxlanılır.

İbn Sina 'Qanun'Solda: İbn Sinanın "Qanun" əsərinin Bakıda müxafizə olan əlyazma nüsxəsi 1143-cü ildə Bağdad şəhərində köçürülmüşdür. AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu.

· Orta əsrlər zamanı Azərbaycan alimləri tibb və əczaçılıq üzrə əsərlərini fars, ərəb və türk dillərində yaradırdılar. Əlyazma kitabları xəttatlar tərəfindən yaradılır, təbii dəri ilə cildlənir, dərman bitkilərinin, heyvanların, mineralların rəngarəng şəkilləri ilə bəzədilirdi.

· XI əsrdə Şamaxının Məlhəm qəsəbəsində, müasir dillə desək, Akademiya yaxud Universitet yaradılmışdı. Məlhəm Mədrəsəsi kimi tanınan bu elm ocağının banisi görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin əmisi həkim Kafiyəddin Ömər idi. Bu mədrəsədə  tibb, anatomiya, əczaçılıq elmləri ilə yanaşı riyaziyyat, məntiq, ilahiyyat və sair fənləri də öyrənirdilər.

· XIV əsrin əvvəllərində Təbriz şəhərində “Darüş-Şəfa” (Şəfa Evi) adında bir mərkəz yaradılmışdı. Mərkəzin nəzdində mədrəsə, iri xəstəxana və əttar dükanı (aptek) vardı. O  dövrdə Azərbaycanda Əbdülməcid Təbib, Nəmvar Təbrizi kimi alimlər və həkimlər fəaliyyət göstərirdi.

· 1311-ci ildə Azərbaycan alimi Yusif İsmail oğlu  Xoyi «Bağdad Toplusu” adında kitab yazmışdı. Bağdad hökmdarının sifarişi ilə yazılmış bu kitabda bir neçə min təbii dərman vasitələri, dərman bitkiləri, minerallar, heyvan mənşəli dərmanlar,  çoxmponentli dərmanlar haqqında bəhs olunur. Alim İbn Kəbir təxəllüsü ilə də tanınırdı.

· XV əsrdə təkcə Cənubi Azərbaycanda 60-dan çox iri xəstəxana vardı. Onların ən möhtəşəmi Sultan Yaqub Ağqoyunlunun (1478-1490) Təbrizdəki “Yeddi Cənnət” sarayında yerləşirdi. Bu xəstəxanada eyni vaxtda minə yaxın adam müalicə oluna bilərdi.  Həkimlər 900-ə yaxın  dərman bitkisindən istifadə edirdi.  Xəstəxananın nəzdində olan əttar dükanında (aptekdə) dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Hindistan və Çindən gətirilmiş dərman bitkiləri satılırdı.

· XVII-XVIII əsrlərdə Murtuzaqulu Şamlu (cinsi xəstəliklər), Əbülqasım Marağayi (ümumi tibb), Həsən Rza oğlu Şirvani (əczaçılıq), Hacı Süleyman İrəvani (əczaçılıq) tibb və əczaçılıq üzrə bir sıra qiymətli əsərlər yaratdı. Onlar öz kutablarında 724 dörd növ dərman bitkisindən xəbər verirlər.

· XVIII əsrdə, xanlıqların bir-biri ilə apardığı arasıkəsilməz müharibələr nəticəsində, bir çox xəstəxanalar, apteklər və tibb məktəbləri dağıdıldı. Elm, o cümlədən tibb elmi, dərin böhran keçirirdi.

· XIX əsrin əvvəllərində Azərbaycanın şimal xanlıqları (Şiгvan, Bakı, Naxçıvan, Qarabağ, İrəvan, Quba, Taliş, Qarabağ,  Şəki, Dərbənd və s.) Rusiya tərəfindən işğal olundu, cənubda olan xanlıqlar isə (Təbriz, Ərdəbil, Xoy və s.) İranın tam nəzarəti altına keçdi.  O dövrdən bəri Şimali və Cənubi Azərbaycanda tibbin inkişafı müxtəlif istiqamətlərdə davam etdi. Rus hakimiyyəti dövründə bütün Cənubi Qafqazda rus əczaxanaları və xəctəxanaları açıldı. Buna baxmayaraq, 1920-ci ildə Sovet hakimiyyətinin qurulmasına qədər Şimali Azərbaycanda əttar dükanları deyilən ənənəvi Şərq aptekləri də mövcud idi. Cənubi Azərbaycanda isə, keçmişdə olduğu kimi, Şərq əczaxanaları və xəctəxanaları əksəriyyət təşkil edirdi.

· 1892 ildə Azəbaycan alimi Əbdülxaliq Axundov ölkəmizdə tibb tarixinin araşdırılmasının  təməlini qoydu.  O, Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını  fars dilindən Alman dilinə tərcümə etdi.

· 1995 ildə Bakı Tibb Cəmiyyəti təsis edildi. Dr. Məmməd-Rza Vəkilov və Dr. Kərim bəy Mehmandarov cəmiyyətin təsisçilərindən idi.

· 1918 ildə Rus İmperiyasının süqütündan sonra Azərbaycanın müstəgilliyi bərpa edildi və Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Həmin dövrdə Dr. Rəfiyevin rəhbərlik etdiyi ilk Səhiyyə Nazirliyi təsis olundu, Bakıda, Gəncədə və başqa şəhərlərdə  onlarca yeni klinika və xəstəxanalar açıldı.

· 1919 ildə tərkibində tibb fakültəsi də olan Bakı Dövlət Universiteti təsis edildi. 

· 1920 ildə Azərbaycan Xalq Cuhuriyyəti XI Qızıl Ordunun zərbələrı altında süquta uğradı,  ixtisasca həkim olan Dr. Nəriman Nərimanovun rəhbərliyi altında Sovet hakimiyyəti quruldu. Azərbaycan SSR-nin ilk səhiyyə komissarları (nazirləri) Dr. Ağahüseyn Kazımov (1920-1921) və Dr. Mir-Mövsüm Qədirli idi (1921-1935).

· 1930 ildə Azərbaycan Tibb İnstitutu təsis edilmişdir. Rektoru prof. Əziz Əliyev idi.  

· 1920-1940 illərdə Azərbaycanda yüzlərlə yeni poliklinika, aptek və xəctəxana təsis edilmişdi.  Akad. Mirəsədulla Mirqasımov, akad. Mustafa Topçubaşov, prof. Əlibəy Əlibəyov, prof.  Kamil Balakişiyev və başqa həkim və alimlər dünya şöhrəti qazandı.

· 1918-2005 illərdə Azərbaycanda A.Rüstəmovun, M.Əfəndiyevin, F.Ələkbərlinin (F.Ələkbərovun), M.Abdullayevin, C. Təqdisinin, N.Göyüşovun və başqalarınıntibb elminin tarixi üzrə bir sıra kitab və məqalə nəşr edilmişdi.

· 2004 ildə Azərbaycan Tibb Tarixçiləri Birliyi (ATTB) təsis edildi və Dr. Fərid Ələkbərli onun ilk prezidenti seçildi.

· 2005 ildə Azərbaycan Tibb Tarixçiləri Birliyi (ATTB) iqamətgahı Parisdə yerləşən Beynəlxalq Tibb Tarixi Cəmiyyətinə (BTTC) üzv-təşkilat qəbul olundu. Dr. Fərid Ələkbərli bu beynəlxalq qurumda Azərbaycanın təmsilçisi və BTTC-nin  idarə heyətinin üzvü seçildi.

· 2005 ildə YUNESKO Bakının Əlyazmalar İnstitutunda mühafizə olunan üç orta əsr tibb əlyazmasını Dünya Yaddaşı Proqramının siyahısına daxil etdi. Bu  siyahıda dünyanın ən qiymətli və əvəzolunmaz yazılı abidələri toplanmışdır.  Layihənin təşəbbüskarı  YUNESKO-nun  Azərbaycandakı sabiq təmsilçisi Ramiz Abutalıbov, onun bilavasitə həyata keçirəni isə Dr. Fərid Ələkbərli idi.

· 1-2 fevral 2005 ildə Bakıda ATTB-nin “Azərbaycanda Tibb Elminin Tarixi Problemlərı” I Respublika Konfransı keçirildi. 

12-14 iyun 2006 ildə Bakıda “Orta Əsr Əlyazmalarında Ənənəvi Tibb və Əczaçılıq”  Birinci Beynəlxalq Konfrans keçirildi.







H O M E * ANA SƏHİFƏ * ДОМАШНЯЯ



© Fərid Ələkbərli, 2006. // "ELM" Tarix və Mədəniyyət saytı // Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat İnternet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.